Qubada səfərdə olan Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi iyunun 8-də Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib.

Səfirə 1918-ci il soyqırımı haqqında məlumat verilib. Diqqətə çatdırılıb ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Burada quraşdırılmış monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə respublikanın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.

Səfirə kompleksin rəhbərliyi tərəfindən soyqırımı hadisələrini özündə əks etdirən kitab və bukletlər təqdim edilib. Yaponiyalı diplomat memorial kompleksin xatirə kitabına ürək sözlərini yazıb.