Ermənistanın regionda sülhə qarşı fəaliyyəti bir daha diqqətə çatdırılıb

Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyinin rəhbəri, səfir Elman Abdullayev qurumun Baş direktorunun müavini Sin Ku ilə görüşüb.

Görüşdə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimovun və Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun, eləcə də yerli icra hakimiyyətinin nümayəndəsi Arif Əliyevin Kəlbəcərdə minaya düşərək həlak olması ilə bağlı məlumat verilib. Bildirilib ki, ərazidə peşə fəaliyyətlərini yerinə yetirən jurnalistlər Ermənistan tərəfindən Kəlbəcərin Susuzluq kəndində tank əleyhinə yerləşdirilmiş minanın partlaması nəticəsində həlak olublar.

Daimi nümayəndə diqqətə çatdırıb ki, ötən il noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanmasından sonra erməni işğalından azad edilmiş ərazilərdə düşmən tərəfindən yerləşdirilmiş minaların partlaması nəticəsində 100-dən çox mülki şəxs zərər çəkib. Ermənistan isə mina xəritələrini verməkdən imtina edir.

Vurğulanıb ki, Azərbaycanın regionda sülhün bərqərar olması istiqamətində səylərini gücləndirməsinə baxmayaraq, Ermənistan bölgədə yenidənqurma işlərini, eləcə də 30 il əvvəl doğma evlərindən didərgin saldığı azərbaycanlı məcburi köçkünlərin qayıdışını ləngidir, hər vəchlə bu prosesə mane olan faciəvi aktlara əl atır.

UNESCO Baş direktorunun müavini Sin Ku jurnalistlərin, eləcə də mülki sakinlərin hədəf alınmasını pisləyərək, təşkilat adından həlak olmuş jurnalistlərin ailə üzvlərinə və Azərbaycan xalqına başsağlığı verib, onlarla həmrəyliyini ifadə edib.