UNESCO-nun Baş direktoru Odre Azule media nümayəndələri – Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimovun və Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun Kəlbəcərdə minaya düşərək həlak olması ilə bağlı yazılı açıqlama yayıb.

Baş direktor jurnalistlərin faciəli ölümündən təəssüfləndiyini və dəhşətə gəldiyini bildirib. Qeyd edib ki, jurnalistlər peşə fəaliyyətlərini təhlükəsizlik şəraitində yerinə yetirə bilməlidirlər.

UNESCO-nun internet səhifəsində yerləşdirilən bəyanatda qeyd edilib ki, media nümayəndələri peşə vəzifələrini yerinə yetirmək məqsədilə nəqliyyat vasitəsilə səfər edərkən tank əleyhinə minaya düşüblər. Partlayış nəticəsində Məhərrəm İbrahimov və Sirac Abışov, eləcə də rayon rəsmisi Arif Əliyev həlak olub. Partlayış nəticəsində daha dörd nəfər yaralanıb.

Məlumatda həmçinin qeyd olunur ki, UNESCO xüsusilə BMT-nin Jurnalistlərin Təhlükəsizliyi və Cəzasızlıq Məsələləri üzrə Fəaliyyət Planı çərçivəsində qlobal maarifləndirmə və digər tədbirlər vasitəsilə jurnalistlərin təhlükəsizliyini təbliğ edir.

Qeyd edək ki, UNESCO rəhbərinin adından yayılan iki cümləlik bəyanatda azərbaycanlı media nümayəndələrinin həyatına son qoyan faciənin səbəbkarı – işğal müddətində Azərbaycan torpaqlarını mina tarlasına çevirmiş Ermənistanın adı çəkilmir...