Dünyaca məşhur “National Geographic” jurnalının fotojurnalisti, Azərbaycan əsilli fransalı fotoqraf Rza Diqqəti 325 minlik izləyicisi olan “İnstagram” səhifəsində Kəlbəcərdə minaya düşərək şəhid olan azərbaycanlı jurnalistlərdən yazıb.

Hadisə yerinə yollanan Diqqəti erməni hərbçilərin təxribatçı fəaliyyətlərini xatırladaraq Ermənistan rəhbərliyinin mina xəritələrini təhvil verməkdən boyun qaçırmaqla mülki əhalini təhlükə altında qoymasına diqqət çəkib.

“İki azərbaycanlı jurnalist avtomobillərinin Ermənistan silahlı qüvvələrinin Qarabağda yerləşdirdikləri milyon minadan birinə düşməsi nəticəsində burada həlak olub. Ermənilər hərbi məğlubiyyətlərindən sonra ayrılmazdan əvvəl minlərlə mina və bomba tələləri qurublar. Bütün beynəlxalq müqavilələrə və Cenevrə Konvensiyasına zidd olduğu halda erməni rəhbərliyi minaların xəritələrini verməkdən imtina edir, xüsusi olaraq mülki əhali arasında yüzlərlə yeni ölümə və şikəstliyə səbəb olur, yenidən qurulmanı təxirə salmaqla qaçqınların qayıdışını gecikdirir”, – deyə Rza Diqqəti qeyd edib.