Kəlbəcərdə həlak olan jurnalistlərin topladıqları materiallar Azərbaycan xalqına yüzilliklər boyu lazım ola bilər

Kəlbəcərdə həlak olan jurnalistlərin topladıqları materiallar Azərbaycan xalqına yüzilliklər boyu lazım ola bilər. Bu, bizim xalqımızın salnaməsidir. Onlar çox gərəkli iş görürdülər, işğaldan azad olunmuş əraziləri qarış-qarış gəzərək erməni vandallarının törətdikləri dağıntıları, cinayətləri sənədləşdirirdilər.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu fikirləri Kəlbəcərdə xidməti vəzifəsini yerinə yetirərkən minaya düşərək həlak olan AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovla vida mərasimində söyləyib.

Şəhid jurnalist iyunun 5-də Müşfiqabad qəsəbəsində ata-anasının dəfn olduğu qəbiristanlıqda torpağa tapşırılıb.

Dəfn mərasimində AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, şəhidin ailə üzvləri və yaxınları, jurnalistlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhid jurnalistlərə Allahdan rəhmət diləyən Hikmət Hacıyev Prezident İlham Əliyevin,  Birinci vitse-prezident Mehriban xanım Əliyevanın adından mərhumun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verib.

Prezidentin köməkçisi vurğulayıb ki, həlak olan jurnalistlərin gördüyü işlərin böyük dəyəri var. Onlar kəndlərimizi, şəhərlərimizi addım-addım gəzərək ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliklərin foto və video sənədlərini hazırlayırdılar: “Bu işi böyük əzmlə, fədakarlıqla, həvəslə yerinə yetirirdilər. Təəssüf ki, mənfur ermənilər tərəfindən xaincəsinə basdırılmış minanın qurbanı oldular. Bu, eyni zamanda, Azərbaycan jurnalistikası və mediası üçün böyük itkidir”.

Hikmət Hacıyev qeyd edib ki, müharibə dövründə Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan əsgərləri ilə çiyin-çiyinə Azərbaycan jurnalistlərinin də rəşadətinin şahidi olduq: “Onlar ön cəbhədə idilər. Ermənilərin vəhşiliyini əks etdirən foto və videoları dünya ictimaiyyətinə çatdırırdılar. Kəlbəcərdə həlak olan qardaşlarımızın gördüyü iş də bu gərəkli fəaliyyətin tərkib hissəsi idi”.

Xatırladaq ki, Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi iyunun 4-də səhər saatlarında tank əleyhinə minaya düşüb. Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışov, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyev həlak olub, 4 nəfər yaralanıb.

***

Xidməti vəzifəsini yerinə yetirərkən həlak olan AzTV-nin operatoru Sirac Abışov iyunun 5-də Sumqayıtdakı Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Vida mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev, “Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) QSC-nin sədri Rövşən Məmmədov, AZƏRTAC İdarə Heyətinin sədri Aslan Aslanov, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Milli Məclisin deputatları, Sumqayıt şəhər və Qubadlı rayon rəhbərliyi, jurnalistlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Prezidentin köməkçisi Hikmət Hacıyev şəhidin ailə üzvlərinə dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın başsağlığını çatdırıb.

Media nümayəndələri ilə birgə minaya düşərək həlak olan Kəlbəcər Rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevlə vida mərasimi Göygöl rayonunun Xasabağ kəndində keçirilib. Rəsmi şəxslərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən mərasimdən sonra onun cənazəsi Göygöl rayonundakı Şəhidlər xiyabanında dəfn olunub.

Allah bütün şəhidlərə rəhmət eləsin.