Azərbaycanla Ukrayna arasında turizm sahəsində ikitərəfli əlaqələrin genişlənməsi, qarşılıqlı təcrübə mübadiləsi və pandemiyanın sektora təsirləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin Kiyev Şəhər Dövlət Administrasiyasının sədr müavini Marina Xonda ilə görüşündə müzakirə edilib.

Dövlət Turizm Agentliyindən bildirilib ki, Ukrayna nümayəndə heyətinin tərkibində bu ölkənin Azərbaycandakı səfiri Vladislav Kanevski, Kiyev Şəhər Şurasının deputatları Viktoriya Muxa və Alla Şlapak da yer alıblar.

Görüşdə Fuad Nağıyev Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın işğaldan azad olunmasından bəhs edərək Qarabağın yeni turizm destinasiyası kimi perspektivlərindən söz açıb.

Xanım Marina Xonda Ukraynada son dövrlərdə qastroturizm, müalicəvi və sağlamlıq turizmi, eləcə də işgüzar turizmin inkişafına diqqət ayrıldığını, bu baxımdan iki ölkə arasında müştərək regional turların təşkilinin mümkünlüyünü qeyd edib.

Söhbət zamanı, həmçinin postpandemiya dövründə turizm sahəsinin bərpası məqsədilə planlaşdırılan tədbirlər haqqında fikir mübadiləsi aparılıb.