Gürcüstanın Acarıstan Muxtar Respublikasının Batumi şəhəri UNESCO-nun “Yaradıcı Şəhərlər Şəbəkəsi”nə əlavə olunacaq.
Bu barədə Gürcüstan parlamentinin mədəniyyət komitəsinin sədri Eliso Bolkvadze məlumat verib. Onun sözlərinə görə, Parisdə beynəlxalq təşkilatların nümayəndələri ilə aparılan danışıqlar uğurla nəticələnib. “Əldə olunan razılığa əsasən, Batumi Avropanın digər görkəmli şəhərləri ilə yanaşı, UNESCO-nun “Yaradıcı Şəhərlər Şəbəkəsi”nə daxil ediləcək. Bu, Gürcüstanın dünya mədəniyyət və turizm xəritəsində mövqeyinin gücləndirilməsi deməkdir”, - deyə o vurğulayıb.
Qeyd edək ki, UNESCO-nun “Yaradıcı Şəhərlər Şəbəkəsi” 2004-cü ildə təsis edilib. Hazırda 246 şəhərin daxil olduğu bu siyahıda Azərbaycandan Bakı və Şəki də var.