Gəncə şəhərində Vətən müharibəsi şəhidi Elvin Mustafayevin dəfn mərasimi keçirilib. Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlər zamanı itkin düşmüş 1992-ci il təvəllüdlü Elvin Fəxrəddin oğlu Mustafayevin nəşi bu günlərdə tapılıb. Mərasimdə Gəncə Regional Mədəniyyət İdarəsinin rəis müavini Asəf Məmmədov, mədəniyyət işçiləri də iştirak ediblər.

Vətən müharibəsi şəhidləri Əli Süleymanov, Hikmət Səfərov, Cəbrayıl Dövlətzadə, İman və Bəhram İmanovlar, Əkbər Hüseynov, İsrail Cəfərzadə, Səbuhi Əsədov, Atamalı Musaoğlu və Hilal İmanzadənin ailə üzvlərinin Gəncədə Nizami Gəncəvi məqbərəsinə və Nizami Gəncəvi Muzeyinə ziyarətləri təşkil olunub.

Şəki Regional Mədəniyyət İdarəsinin rəhbər işçiləri Vətən müharibəsi qazisi, gizir Samir Novruzovla görüşüb, ailəsinə maddi və mənəvi dəstək olublar. Oğuz rayon MKS-nin Baş Daşağıl və Qumlaq kənd kitabxanalarının təşəbbüsü ilə “Şəhidlik ucadan ucadır, ana” adlı videoformatda görüş keçirilib. Balakən rayon Qullar kənd Sənətkarlıq evi və kənd kitabxanasının əməkdaşları Vətən müharibəsi qazisi Pərvin Kaltayevlə görüşüblər.

Sumqayıt Regional Mədəniyyət İdarəsi Səid Rüstəmov adına 3 nömrəli Uşaq incəsənət məktəbinin kollektivi Vətən müharibəsi şəhidləri Emil İsgəndərov, Şöhrət Qasımov, Tərzan Həşimov, Daşqın Ağayev, Aydın Əliyev, Mehrab Niftəliyevin övladları ilə görüşüb, onları hədiyyələrlə sevindiriblər.

Xaçmaz Regional Mədəniyyət İdarəsi Xaçmaz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Vətən müharibəsi qaziləri ilə gənclərin görüşü keçirilib.

Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzi və Ağdam rayon Mədəniyyət Mərkəzinin tabeliyində olan Zaur İmanov adına Zəngişalı kənd Mədəniyyət evinin birgə təşkilatçılığı ilə “Azadlığımızın şəhidləri və qaziləri” adlı onlayn görüş keçirilib. Heydər Əliyev Mərkəzi və Mədəniyyət mərkəzinin tabeliyindəki Qaradağlı kənd Mədəniyyət evinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi Vüqar Vəliyevə həsr olunmuş “Vətənin igid şəhidləri” adlı onlayn görüş reallaşıb.

Kürdəmir Regional Mədəniyyət İdarəsi İmişli rayon Mədəniyyət Mərkəzinin əməkdaşları Vətən müharibəsinin şəhid baş leytenantı Cavid Səfərlinin məzarını ziyarət ediblər.

Şəmkir Regional Mədəniyyət İdarəsi Gədəbəy rayon Mədəniyyət Mərkəzinin işçiləri Vətən müharibəsi şəhidi Etibar Həsənovun ailəsi ilə görüşüblər.

Ağstafa Regional Mədəniyyət İdarəsi Tovuz rayon Aşıq Sənəti Dövlət Muzeyinin əməkdaşları II Qarabağ müharibəsinin şəhid baş leytenantı Samir Eyvazovun məzarını ziyarət ediblər.

NURƏDDİN