İyunun 9-da “Azərbaycanım” IV Respublika uşaq rəsm festivalı çərçivəsində növbəti plener təşkil olunub.

Plenerdə bu ilin fevral ayında elan olunmuş “Yurdumuza bahar gəlir” adlı uşaq yaradıcılıq müsabiqəsində fərqlənən 10 uşaq iştirak edib. Onlar Xətai Sənət Mərkəzinin qarşısında açıq havada öz qabiliyyətlərini nümayiş etdiriblər.

Mərkəzin direktoru Zahid Əvəzov iştirakçıları salamlayıb. Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı Elçin Hüseynli tədbirin əhəmiyyətindən danışıb. Xalq rəssamı Arif Hüseynov belə tədbirlərin müasir gəncliyin formalaşmasında mühüm rol oynadığını vurğulayıb. Xətai rayon Uşaq rəsm yaradıcılıq studiyasının müəllimi Əbdül Şərif də yaradıcılıqla bağlı düşüncələrini balaca rəssamlarla bölüşüb.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilən ənənəvi “Azərbaycanım” festivalı bu il “Nizami Gəncəvi İli”nə həsr olunub.