Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə erməni katolikosu II Qareginin Xankəndinə səfərini pisləyən bəyanat verib.

QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, A.Paşazadə bəyanatında bildirib ki, 30 ilə yaxın müddət ərzində Ermənistanın Azərbaycan ərazilərini işğalda saxladığı, BMT qətnamələrinin tələblərini yerinə yetirmədiyi zamanda biz həmişə münaqişənin sülh yolu ilə həllinə, müxtəlif səviyyələrdə, o cümlədən dini müstəvidə danışıqlar prosesinə tərəfdar olduq: “Çox təəssüf ki, münaqişənin sülh yolu ilə ədalətli həlli ilə bağlı səylər erməni kilsəsi tərəfindən əməldə dəstəklənmədi. Erməni Apostol Kilsəsi öz xalqına nicat verəcək sülh ideyalarını təşviq etmədi, barışığa, dinc həyata, qarşılıqlı anlaşma və əməkdaşlığa sövq etmədi. Əksinə, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsini tələb edən BMT-nin və digər beynəlxalq təşkilatların qərarlarına məhəl qoymayan erməni siyasi liderlərin cinayətkar əməllərinə mənəvi haqq qazandırdı”.

Bəyanatda qeyd edilir ki, bu cür fəaliyyətin hələ də davam etdirilməsi, erməni katolikosu II Qareginin bu yaxınlarda Xankəndiyə səfər etməsi və revanşist bəyanatların səsləndirilməsi böyük təəssüf doğurur: “Erməni kilsəsi işğal altında olmuş torpaqlarımızda dağıntıya, həqarətə məruz qoyulmamış salamat bir məscid, dini abidə qalmadığı halda, multikultural dəyərlər ölkəsi olan, tolerant Azərbaycanda guya xristian dini abidələrinin təhlükədə olduğu barədə, habelə ziyarət və ibadətlərinə mane yaradıldığına dair saxta məlumatlar yayır... Militarist ritorikası və davranışı tarixdə heç kimə fayda verməyib. Heç şübhəsiz ki, bu kimi yanaşma bölgədə yaşayan xalqların, ilk növbədə, məhz erməni xalqının xoşbəxt və firavan yaşamasına xidmət etmir. Din xadiminin missiyası münaqişə və qarşıdurmaya deyil, müqəddəs amallar olan barış və əmin-amanlığa xidmət olmalıdır”.

A.Paşazadə dünya ictimaiyyətinə və dini liderlərə müraciət edərək Erməni Apostol Kilsəsinin hərəkətlərinə münasibət bildirməyə, bölgəmizdə müharibə deyil, sülh və tərəqqinin bərqərar olmasına dəstək verməyə çağırıb.