Azərbaycan və Ukrayna fotoqraflarının əsərləri sərgilənib

Xəbər verdiyimiz kimi, Latviyanın Azərbaycandakı Səfirliyinin təşəbbüsü,  ABŞ, Əfqanıstan, Ukrayna və digər ölkələrin səfirliklərinin iştirakı ilə  Bakıda “Peace be upon you (Sülh səninlə olsun) – Salam Aleykum” adlı layihə həyata keçirilir.

İyunun 8-də layihə çərçivəsində “NUR Art House” rəsm qalereyasında Azərbaycan və Ukrayna fotoqraflarının əsərlərindən ibarət sərgi açılıb. Sərgi dünyada sülhün qorunması və sülhməramlılıq mövzusuna həsr edilib.

Layihə haqqında məlumat verən Latviyanın Azərbaycandakı Səfirliyinin əməkdaşı Viya Buşa bildirib ki, layihənin bədii hissəsi rəssam və rejissorların sülh mövzusunda çəkdikləri fotoşəkil və filmlərin nümayişini nəzərdə tutur.

Qeyd edib ki, iyunun 14-də Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində Əfqanıstanda vuruşmuş müharibə veteranlarının iştirakı ilə tədbir keçiriləcək. Tədbirdə məşhur fotojurnalist Rza Diqqətinin Əfqanıstanla bağlı fotoları da nümayiş olunacaq. Layihə çərçivəsində ADA Universitetində keçiriləcək beynəlxalq konfrans isə “Azərbaycanın Avro-Atlantik sülh və təhlükəsizliyə töhfəsi” mövzusuna həsr olunub.

Tədbirdə əsərləri sərgilənən fotoqraf Əqdəs Bağırzadə bildirib ki, o, müharibədə gedən döyüşləri deyil, daha çox müharibədən əziyyət çəkən insanların acısını ictimaiyyətə çatdırmağa çalışıb: “2000-ci illərdə Tərtər şəhərində olarkən kiçik bir reportaj hazırladım. Orada əsgərləri deyil, məcburi köçkünlərin yaşadıqları şəraiti kadra almağa çalışdım. Orada dağıntılar arasında avtomat gilizləri ilə oynayan uşaqları gördüm, sığınacaq almış, hasardan boylanan öz dədə-baba yurdundan didərgin düşmüş insanların necə həssas bir durumda yaşadıqlarının şahidi oldum. Mən orada olarkən bir daha müharibənin nə olduğunu anladım və bu, mənim müharibəyə qarşı baxışımı tamamilə dəyişdirdi. Yaxınlıqda yarıdağıdılmış bir evə daxil olanda insanların vəziyyəti, yeni doğulmuş körpənin gələcək taleyi məni çox təsirləndirdi və mən həmin uşağın yalın ayaqlarını çəkdim”.

Sərgidə ukraynalı hərbi fotomüxbir, “Ukraynanın səsi” qəzetinin əməkdaşı Aleksandr Klimenkonun da əsərləri nümayiş olunub.