XX əsrdə Azərbaycan aşıq sənətinin neçə-neçə ustadı yetişib, bu ulu sənəti yaşadaraq gələcək nəsillərə ötürüb. Özünəməxsus ifa qabiliyyəti, gözəl səsi ilə bu sənətin örnək simaları sırasında yer alan belə ustadlardan biri də Əməkdar mədəniyyət işçisi Aşıq Əkbərdir.

Əkbər Zərbalı oğlu Cəfərov 1933-cü ildə Azərbaycan aşıq sənətinə məşhur adlar bəxş etmiş Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub. O, erkən çağlardan bu  sənətə maraq göstərir. Mirzə Bayramov, Məhəmməd Rzayev, Hüseyn Dəmirçi, Mikayıl Azaflı, Yunis Həsənov və Vəli Qaraxanlı kimi ustad aşıqlardan sənətin sirlərini öyrənir. Əsas müəllimi isə aşıq dastanlarının mahir bilicisi, böyük ustad, Aşıq Hüseyn Bozalqanlının bacısı oğlu Qədir İsmayılov olub.  

Aşıq Əkbər hələ gənc ikən el şənliklərində və dövlət tədbirlərində yaxından iştirak edir. Sazdan əvvəl balabanda, zurnada, tütəkdə əksər aşıq və el havalarını məharətlə səsləndirir. İti hafizəsi, istedadı böyük ustad Mikayıl Azaflı və Yusif Yusifov tərəfindən maraqla qarşılanır. Bu sənətkarların təkidi ilə Əkbər sənət istiqamətini dəyişir, könlünü həmişəlik saza, sözə bağlayır.

Aşıqlar adətən zil, orta və bəm köklərdən birində oxuya bilirlər. Aşıq Əkbər isə hər üç kökdə böyük məharət və ustalıq nümayiş etdirir. Günü-gündən sevilən və şöhrəti dörd bir tərəfə yayılan sənətkara xalq arasında “Zilxan” təxəllüsü verilir. Onun sənətkar kimi əsas özəlliklərindən biri də aşıq musiqisi ilə yanaşı, muğam və təsniflərimizi də gözəl ifa etməsi olub. Aşıq Əkbərin oxuduğu “Heyratı”, “Mənsuriyyə”, “Dilkeş”, “Zabul segah” onu dinləyənləri heyrətləndirib. Gözəl saz çalmaq, dastanlar söyləməklə yanaşı, Aşıq Əkbər həm də yaradıcı sənətkar kimi tanınıb. O, aşıq şeirinin müxtəlif janrlarında gözəl nümunələr yaradıb. Qələmə aldığı gəraylı, qoşma, divani, müxəmməs, cığalı təcnis, dodaqdəyməz təcnis və  deyişmələr dillər əzbərinə çevrilib. O həm də “Leyli və Məftun” dastanının müəllifidir.

Aşıq Əkbər Vətənə, millətə və torpağa bağlı bir sənətkar olduğunu hər addımında, hər sözündə, ifasında hiss etdirib. “Vətən deyib dil-dil ötən gümüş telli sazım var” – deyən ustadın yaradıcılığında yurd sevgisi, torpağa bağlılıq, xalqa sədaqət xüsusi yer tutur.

Araşdırmalarda qeyd edilir ki, Aşıq Əkbər 1964-cü ildə balabançı Müseyib Abbasovla Moskvada keçirilən beynəlxalq musiqi festivalına qatılır. Çıxış etdiyi zaman onun bənzərsiz ifasından heyrətə gələn amerikalı professor Alan Lomaks deyir: “Mən həyatım boyu çox yerlər gəzmişəm və çox gözəl səslər eşitmişəm. Ancaq belə gur, şaqraq və məlahətli səsə ilk dəfədir rast gəlirəm”.

Həmin tədbirdə iştirak etmiş aşıq sənətinin tanınmış tədqiqatçısı, mərhum Əminə Eldarova sonralar Aşıq Əkbərin festivalda çıxışı barədə deyib: “Festivalda dünyanın müxtəlif ölkələrini təmsil edən yüzlərlə istedadlı ifaçı vardı. Alan Lomaks bizim dilimizi bilməsə də, məhz Aşıq Əkbərin ifası yüzlərlə ifa arasından onu özünə çəkmişdi. O, tədbirdən sonra Aşıq Əkbərin ifasında bir neçə mahnını lentə yazdırdı. Bu hadisənin üstündən uzun illər keçəndən sonra 2006-cı ildə Bakıya gələn başqa bir amerikalı musiqişünas, professor Anna Oldflid həmin lent yazısının bir nüsxəsini mənə bağışladı...”.

Tanınmış folklorşünas alim, professor Məhərrəm Qasımlı sənətkarın ifaçılıq məharətini yüksək qiymətləndirərək yazır: “Aşıq Əkbərin bülbültək cəh-cəhi təkrarsız gözəlliyə malik idi. Adətən, saz havası aşığın səsini, ifasını tamamlayaraq  gözəlləşdirir. Əkbərin bənzərsiz şirinliyə malik olan səsi isə tamam başqa bir mənzərə ortaya qoyurdu. Oxuyarkən səsində çağlayan möcüzəli məlahət saz havalarını gözəlləşdirirdi. “Ovşarı”, “Şahsevən”, “Kərəm gözəlləməsi”, “Qəhrəmanı”, “Mirzəcanı”, “Çoban bayatı”, “Göyçə gözəlləməsi”, “Aşıq Söyünü” sırasından olan neçə-neçə saz havasının ifa biçimində onun səs möhürü var. Bu havalar Əkbər səsi, Əkbər ifası ilə yaddaşlara köçüb və  ürəklərdə yaşayır. Aşıq Əkbərin ifa-oxu tərzində və məclis aparmağında həm də bir ziyalılıq vardı. Hərəkət plastikasına və etik davranış normalarına xüsusi diqqət yetirərdi. Sözün həqiqi mənasında, Aşıq Əkbər bir sənətkar olmaqla bərabər mərifət, qanacaq, abır-həya və ləyaqət nümunəsi idi”.

Aşıq Əkbər hələ sağ ikən onun sənət ənənələrinə əsaslanan ifaçılıq məktəbi yaranır. Sənətinin səsi-sorağı doğma yurdunun hüdudlarını aşır. Bənzərsiz ifaları, şaqraq və məlahətli səsi Cənubi Azərbaycanın Təbriz, Zəncan şəhərlərində də maraqla dinlənilir və sevilir. Onun təkrarsız sənətkarlığı kinorejissorlarımızın da diqqətindən yayınmır, özünəməxsus səsi, ifası “Ögey ana” və “Böyük dayaq” filmlərində lentə alınır.

Sənətinin möcüzəsi, sirri-sehri ilə tamaşaçı və dinləyicilərin könlünü oxşayan Əməkdar mədəniyyət işçisi Aşıq Əkbər yaradıcılığının çiçəkləndiyi bir vaxtda, 24 avqust 1990-cı ildə, 57 yaşında vəfat edib. Azərbaycan Aşıqlar Birliyi tərəfindən bu ilin əvvəlində sənətkarın ifasında 30 aşıq havasının yer aldığı audiodisk buraxılıb.

Savalan FƏRƏCOV