Litvalı professorun regionun tarixindən bəhs edən kitabı tacik dilində çap olunub

Azərbaycan Respublikasının Tacikistandakı Səfirliyinin təşəbbüsü ilə litvalı professor, tarixçi alim Alqimantas Liyekisin “XX əsrdə Qafqazda xalqların köçü” adlı kitabı tacik dilində çap olunub.

Düşənbədəki “Ər-qraf” nəşriyyatında çap edilən kitabda ermənilərin Azərbaycan ərazilərinə və bütövlükdə Cənubi Qafqaza iki əsr əvvəl Türkiyə və İrandan köçürüldüyü əks olunur. Nəşrdə son yüz il ərzində erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı törədilən terror aktlarından, etnik təmizləmə siyasətindən, kütləvi qırğınlardan, həmçinin Azərbaycan ərazilərinin işğalından bəhs edilir.

Qeyd olunmalıdır ki, bu, litvalı tarixçi alim tərəfindən Qafqazda xalqların tarixi mövzusunda yazılan ilk kitabdır.

Alqimantas Liyekisin Litva Elmşünaslıq İnstitutunun sifarişi ilə 2016-cı ildə ana dilində yazdığı kitab bundan əvvəl rus dilində də nəşr edilib.

Kitabın rus dilində nəşri Tacikistanın bir sıra tanınmış ictimai-siyasi xadimlərinə təqdim edilib və maraqla qarşılanıb. Məhz buna görə də Tacikistanda daha geniş oxucu auditoriyasına çatdırılması üçün kitab tacik dilinə tərcümə olunub.

Nəşrin nüsxələrinin bir qisminin yerli kitabxanalara verilməsi, qalan hissəsinin isə Tacikistan siyasətçiləri, tarixçiləri və ictimai-siyasi xadimləri arasında paylanılması nəzərdə tutulub.

Xatırladırıq ki, Alqimantas Liyekis 60-dan artıq kitabın, o cümlədən monoqrafiyanın müəllifidir.