Mənə görə, rəssamlıq bütün sənətlərin ən gözəlidir. Rəsm əsəri duyğuları birləşdirir. Ona baxanda hər kəs xəyalının iradəsi ilə bir roman yarada bilər. Bu, sənətin ucalığıdır. İnsan üçün bir yüksək məqam da var – Vətən! Vətənə olan sevginin ən yüksək forması, məncə, igid oğulların onun dar günündə harayına səs verməsi, onun azadlığı uğrunda gözünü qırpmadan canından keçməsidir...

Bu gün əbədiyaşar qəhrəmanlarımız üçün rəsm əsərləri çəkilir, şeirlər yazılır, mahnılar bəstələnir, kitablar çap olunur. Çünki bu qəhrəmanlar əbədi yaşamaq haqqı qazanıblar. İkinci Qarabağ müharibəsində şəhidliyi özünə ömür payı biçən oğullardan biri də Nurlan Abdalovdur.

Nurlan Faiq oğlu Abdalov 12 iyun 2000-ci ildə Sumqayıt şəhərində dünyaya göz açıb. 2006-cı ildə Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbin 1-ci sinfinə gedib, 2017-ci ildə həmin məktəbdən məzun olub.

Kiçik yaşlarından rəssamlığa xüsusi həvəs göstərib və 2012-2015-ci illərdə Sumqayıt şəhərindəki “Dostluq” Mədəniyyət Mərkəzinin rəssamlıq kursunu bitirib. Təhsil aldığı məktəbin sərgi lövhələri və tədbirləri Nurlanın əl işləri ilə bəzənərdi. Yaxşı oxumağı və nizam-intizamı ilə fərqləndiyinə görə məktəb rəhbərliyi tərəfindən fəxri fərmanlarla da təltif olunmuşdu.

Nurlan 2018-ci ildə hərbi xidmətə yollanır. Xidmət dövründə baş sürücü kimi fəaliyyət göstərir. Uğurlu xidmətinə görə ailəsi iki dəfə təşəkkür məktubu alır. 2020-ci ilin yanvarında ordudan tərxis olunsa da, niyyəti hərbi geyimi daimi daşımaq idi. Vətənə sevgisi onu yenidən ordu sıralarına qaytarır – bu dəfə müddətdən artıq hərbi xidmət qulluqçusu kimi. N saylı hərbi hissədə manqa komandiri olur, baş çavuş rütbəsinə yüksəlir.

27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsində Nurlan Abdalov da minlərlə cəsur oğullarımız kimi mərdliklə vuruşur. Füzuli, Cəbrayıl, Hadrut, Zəngilan, Xocavənd uğrunda döyüşlərdə iştirak edir. Qolundan xəsarət alsa da, qısa müddət fasilədən sonra yenidən qanlı döyüşlərə qatılır. 44 günlük müharibənin 37 günü torpaqlarımızın azadlığı uğrunda vuruşan Nurlan noyabrın 3-də Xocavənd uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalır. Noyabrın 5-də Sumqayıtın Şəhidlər xiyabanında torpağa tapşırılır.

Dövlət başçısının sərəncamları ilə Nurlan Abdalov ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhid Nurlan Abdalovdan yaddaşlarda yaşayacaq həzin xatirələr, bir də əl işləri yadigar qalıb...

Ruhu şad olsun.

Nuranə ABDALOVA