Norveçdə fəaliyyət göstərən “CAN” diaspor təşkilatı Azərbaycan, Türkiyə və Pakistan mədəniyyətini tanıtmaq məqsədilə birgə layihə hazırlayıb.

“CAN” diaspor təşkilatının sədri Şervin Nəcəfpur və “Reachig Out” təşkilatının rəhbəri Neha İkram bu məqsədlə Pakistanın bu ölkədəki səfiri Zahiri Pərvaz Xanla görüşüb.

Görüşdə Azərbaycanla Pakistan arasında tarixi dostluq əlaqələrindən bəhs olunub, iki ölkəni birləşdirən dəyərlərə əsaslanan birgə layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

Səfir Zahiri Pərvaz Xan daha əvvəl Osloda “CAN” təşkilatı tərəfindən keçirilən “Tur Heyerdalın Azərbaycana aparan addımları ilə milli mirasımızın mənşəyini kəşf et” sərgisini yüksək qiymətləndirərək, mədəni körpülərin yaradılmasının əhəmiyyətini vurğulayıb. Diplomat Norveçdə Azərbaycan, Pakistan və Türkiyə mədəniyyətlərini tanıtmaq məqsədli tədbirin hazırlanmasını təqdir edib.

Şervin Nəcəfpur səmimi görüşə və Azərbaycan haqqında ifadə etdiyi xoş sözlərə görə səfirə minnətdarlığını bildirib. Görüşdə yeni layihə müzakirə olunub.