Bakıda Ukrayna və Azərbaycan arasında turizm əlaqələrinin genişləndirilməsi və məlumat mübadiləsinin aparılması məqsədilə “Kiyev günləri” adlı tədbir keçirilib.

Tədbir çərçivəsində turizm təşkilatları təmsilçilərinin iştirakı ilə qastronomik, sağlamlıq, işgüzar turizmin təşviqi seqmentlərində postpandemiya dövründə əməkdaşlıq perspektivləri müzakirə olunub. Ukraynanın turizm potensialı haqqında ətraflı məlumat verilib və turizm bölgələrinin təqdimatı keçirilib. Həmçinin B2B formatında görüşlər təşkil edilib.

Görüş Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) ilə Ukrayna Gəlmə Turoperatorları Assosiasiyası (AİTOU) və Ukrayna İşgüzar Turizm Assosiasiyası (BTAU) arasında, eləcə də Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası (AHTTSA) və Ukrayna Tibbi Turizm Assosiasiyası (UAMT) arasında assosiativ birgə əməkdaşlıq haqqında memorandumların imzalanması ilə başa çatıb.

Qeyd edək ki, Qlobal Sağlamlıq Turizm Şurasının V forumu iyunun 16-18-dək Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək. Azərbaycan 2019-cu ildə Qlobal Sağlamlıq Turizm Şurasının IV forumuna ev sahibliyini həyata keçirərək, rotasiya üzrə quruma rəhbərliyi Ukraynaya təhvil verib.