Dünya şöhrətli yoqa ustası Azərbaycanı gəzir

Məşhur hindistanlı yoqa ustası, mistik, xeyriyyəçi Sadhquru (Caqqi Vasudev) Azərbaycana gəlib. Qonaq səfəri çərçivəsində İçərişəhəri ziyarət edib.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib ki, Sadhquru paytaxtımızın tarixi-memarlıq incisi olan Qız qalası, Şirvanşahlar sarayı, “Sıratağlı” dini-memarlıq kompleksi və Bəylər məscidi ilə tanış olub.

“Sıratağlı” dini-memarlıq kompleksində qədim dövrlərdə atəşpərəstlik məbədinin olduğunu öyrənən məşhur mistik ziyarətdən xoş təəssüratla ayrılıb.

Qeyd edək ki, dünya şöhrətli yoqa ustası Sadhquru bundan öncə İsmayıllı və Şamaxı rayonlarında da olub, hər iki bölgənin tarixi-mədəni məkanlarını ziyarət edib.

Quru sanskrit dilində mötəbər, hörmət sahibi, müəllim, ustad mənasını verir. Yoqa mədəniyyətində müəyyən mərtəbəyə çatanlara bu ad verilir. Sadhu (sanskritcə) titulu isə induizmdə yoqa üzrə ən üst mərtəbəyə çatmış, müqəddəslik qazanmış şəxslərə verilir.  

Hindistanın 50 nüfuzlu şəxsinin sırasında olan Sadhquru dünyada yoqa proqramlarını yayan İşa Fondunun qurucusu, mistik bestseller müəllifidir. Özünü insanların mənəvi və fiziki rifahının yüksəlişinə həsr edib. Eyni zamanda dünyanı gəzərək yoqa mədəniyyəti və fəlsəfəsini təbliğ edir.