İyunun 11-də Daş Salnamə Muzeyində 5 iyun – Dünya Ətraf Mühit Günü münasibətilə “Dayanıqlı moda: tekstilin gələcəyi” adlı sərgi açılıb.

İyulun 9-dək davam edəcək İsveçin Azərbaycandakı Səfirliyi, “Azərxalça” ASC və Daş Salnamə Muzeyinin birgə təşkilatçılığı ilə gerçəkləşən sərgi İsveç İnstitutu tərəfindən tədqiqatçılar və moda mütəxəssisləri ilə birlikdə hazırlanıb. Moda sənayesinin əsas problemlərinin işıqlandırıldığı sərgidə daha dayanıqlı gələcək üçün İsveçdə irəli sürülən həll yolları və təşəbbüslər nümayiş olunub.

Sərginin açılışında çıxış edən “Azərxalça” ASC İdarə Heyətinin sədri Emin Məmmədov ölkəmizdə xalçaçılığa marağın artdığını söyləyib. Bildirib ki, hazırda “Azərxalça”nın 21 emalatxanasında 1300-dən çox toxucu çalışır. Vurğulanıb ki, “Azərxalça” ASC gənc və istedadlı rəssamlarla əlaqələr qurur və yeni çeşnilərin yaradılması istiqamətində işlər görür.

İsveçin Azərbaycandakı səfiri Kristian Kamill tədbirin əhəmiyyətindən və moda sənayesinin ətraf mühitə təsirindən danışıb. “Moda sənayesi dünyada ətraf mühiti ən çox çirkləndirən sahələrdən biridir. Hər il dünyada istehlak etdiyimiz 62 milyon ton geyimin yalnız 20 faizini təkrar istifadə və ya təkrar emal edirik. Sərgi həm istehsalçıların, həm də istehlakçıların paltarların və onların komponentlərinin təmirini, təkrar hazırlanmasını, təkrar istifadəsini və təkrar emalını maksimum dərəcədə artırmaqla moda sənayesinin ətraf mühitə arzuolunmaz təsirlərini minimuma endirə biləcəyi yolları izah edir”, – deyə diplomat bildirib.

Tədbirdə həmçinin Azərbaycan xalçalarının yeni yaradılmış dizayn nümunələri rəqəmsal formatda nümayiş olunub. Rəssam Orxan Məmmədov deyib ki, onun təqdim etdiyi çeşnilər kompüter vasitəsilə yaratdığı xüsusi alqoritmlərin sayəsində ərsəyə gəlib: “Süni intellekt modelini hazırladım və bu süni intellekt bütün Azərbaycan xalça modellərini araşdıraraq onların ortaq nöqtələrini tapıb, sonsuz sayda yeni xalça eskizləri generasiya edir. Bu sənətə yeni prizmadan baxmağa çalışıram”.

Sərgidə qonaq rəssamlar Lyudmila Kristeseva (İsveç) və Günel Ravilovanın (Azərbaycan) əsərləri də nümayiş olunub. Onlar multimedia dialoqu ilə moda, tekstil və ekologiya mövzusunda iki fərqli perspektiv təqdim edərək qadının şəxsiyyət kimi formalaşmasında tekstilin rolunu təyin etməyə çalışıblar. Nailə Dadaşova isə öz Qarabağ kiliminin hissələrindən, eləcə də milli xalça ornamentlərindən geyimlərində detallar kimi istifadə edib. Onun əl işlərinin birində “qurama” texnikası ilə tikilmiş şal görmək olar. Bu texnika çox qənaətcil və eyni zamanda gözəl olan kiçik parça hissələrindən bütöv geyim və əşyalar yaratmağa imkan verir.

Daş Salnamə Muzeyində “Dayanıqlı moda: tekstilin gələcəyi” sərgisi iyulun 9-dək ziyarətçilər üçün açıq olacaq.