Kəlbəcərdə ermənilərin basdırdığı minanın partlaması nəticəsində həlak olmuş azərbaycanlı jurnalistlərin xatirəsinə Niderlandın paytaxtı Amsterdamda beynəlxalq poçt markası buraxılıb. Poçt markası Amsterdamda yaşayan həmyerlimiz Səltənət Rəvanqızının təşəbbüsü ilə hazırlanıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, "Azərbaycanın inciləri" layihəsi çərçivəsində gerçəkləşdirilən markanın üzərində mina partlaması nəticəsində həlak olmuş jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun şəkilləri təsvir edilib. Markalar Niderlandın rəsmi poçt rabitəsinin “PostNL” milli operatoru tərəfindən çap olunub.

Qeyd edək ki, iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində hərəkət olan yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Nəticədə AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, 4 nəfər yaralanıb.