Şeref Malkoç: “Mən haqlıyam, haqqım verilsin” deyib bir kənarda durarsan, kimsə haqqını sənə verməz

 

Türkiyədə Ombudsmanlıq institutu – Kamu Denetçiliği Kurumu (İctimai Auditorlar Qurumu) 2012-ci ildə yaradılıb. Ombudsmanlıq Türkiyə Böyük Millət Məclisinə (TBMM) bağlı bir təşkilatdır və fəaliyyət dairəsi bir sıra ölklələrdəki, o cümlədən Azərbaycandakı Ombudsman (İnsan haqları üzrə müvəkkil) təsisatı ilə müqayisədə daha genişdir. Quruma Ombudsman (Kamu Başdenetçisi) – Baş ictimai auditor rəhbərlik edir, ondan savayı beş ictimai auditor (Kamu denetçisi) fəaliyyət göstərir. Türkiyə Cümhuriyyəti Ombudsmanı TBMM tərəfindən 4 il müddətinə seçilir. 2016-cı ildən bu vəzifəni daşıyan Şeref Malkoç 2020-ci ildə ikinci müddətə seçilib.

Türkiyə Ombudsmanlıq təşkilatı “Azərbaycan-Ermənistan savaşında Ermənistan tərəfindən pozulan insan haqları” mövzusunda hesabat hazırlayıb. Qurumun heyətinin Azərbaycana səfərindən sonra hazırlanan hesabat müxtəlif ölkələrin Ankaradakı səfirliklərinə, beynəlxalq təşkilatlara göndərilib. Qardaş ölkənin Ombudsmanlıq heyəti yenidən ölkəmizə gəlməyə hazırlaşır. Bu dəfə məqsəd Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki tarixi-mədəni abidələrin məhv edilməsinə dair araşdırma aparmaqdır.

Qurumun rəhbəri Şeref Malkoç bu barədə “Mədəniyyət” qəzetinə müsahibəsində danışdı:

– İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ombudsmanlıq Qurumları Birliyi İdarə Heyətinin son toplantısında Azərbaycan Respublikasının Ombusmanı Səbinə Əliyeva bizi yenə Azərbaycana dəvət etdi. Bu dəfə Qarabağ bölgəsindəki tarixi-mədəni abidələrin məhv edilməsinə dair araşdırma aparılması üçün. Biz bu müraciəti rəsmən aldıqdan sonra İƏT-in Ombudsmanlıq Qurumları Birliyinə təqdim edəcəyik. Bizimlə birgə gəlmək istəyən birlik üzvləri ilə tarixi-mədəni abidələrlə bağlı araşdırmalar aparacağıq. Bununla əlaqədar elm adamları ilə görüşlərimiz oldu. Ümid edirəm ki, qısa zamanda bunu da gerşkləşdirmiş olacağıq. Qarabağ tarixi baxımdan insanların ən qədim yaşayış məskənlərindən olub. İnsanların orada yaratdığı tarixi-mədəni dəyərlər var, o cümlədən qədim Türk-İslam tarixi mirası var. Bu tarixi miraslardan hansı zərər gördü, necə və nə qədər zərər gördü, bunu mətbuatdan və digər mənbələrdən öyrənirik, bilirik. Amma bunu  yerində öyrənmək üçün araşdırma aparmalıyıq. Ümid edirəm getdiyimizdə də bunlar öyrənib, növbəti hesabatını yayımlayacağıq. 

 

– Səfəriniz nə vaxta gözlənilir?

– Bu, Azərbaycan Ombudsmanlığının dəvətindən asılıdır. Digər islam ölkələri ilə məsləhətləşmələrin də burada rolu var. Bölgədə savaş başa çatıb, İslam ölkələri də bunu nəzərə alıb öz heyətlərini göndərə bilərlər. Bu xüsusda ən önəmli məsələ müvafiq  hesabat hazırlanmasıdır. Ombudsmanların gəlməsi qədər önəmli olan bir məqam da elm adamlarının gəlməsidir. Biz, məsələn, bununla əlaqədar tarixi abidələr üzrə mütəxəssis olan universitet müəllimləri ilə görüşdük. Onları da dəvət edəcəyik.  İlk hesabatımızın təqdirlə qarşılanması bizim işimizə həm stimul verdi, həm də işi intensivləşdirdi. Bu işlərin nəticəsi olaraq insan haqlarının pozulması, insanlığın bir parçası olan tarixi abidələrə, ətraf mühitə vurulan ekoloji zərərlərin təzminatının ödənməsi tələb olunmalıdır.

 

– 44 günlük müharibə zamanı Azərbaycanda oldunuz və hesabat hazırladınız. Təqdim etdiyiniz qurumlar bu hesabatı necə qarşıladı?

– Bildiyiniz kimi, Ombudsmanlıq qurumlarının missiyasında hüquqi məsələlərə baxılır ki, buna ən başlıcası insan haqlarıdır. Azərbaycan-Ermənistan savaşı davam edərkən ermənilərin həm işğal etdiyi bölgələrdə, həm də Ermənistandan atdıqları raketlərlə cəbhə xəttindən kənarda yerləşən Gəncə, Bərdə, digər şəhər və kəndlər bombalandı. Bir çox Azərbaycan vətəndaşları qətlə yetirildi, yaralananlar oldu, evləri dağıdıldı, uşaqları yetim qoydular,  insanların ibadət yerləri və digər yerlər zərərə məruz qaldı.

Türkiyə hazırda İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyasına başqanlığı həyata keçirir. Azərbaycanın Ombudsmanı Səbinə Əliyeva savaş davam edərkən bizi Azərbaycana dəvət etdi.  Azərbaycana ziyarətimiz əsasında öncə Bakıda olduq, Azərbaycan Prezidenti İlham Əliyev bizi qəbul etdi, müxtəlif qurumlarda görüşlərimiz  oldu. Sonra savaşa yaxın yerlərdə araşdırmalarımızı apardıq. Gəncədə və ətraf ərazilərdə olduq. Dağıdılmış yerlərə, yaralılarla, qətl edilən insanların ailələrinə baş çəkdik. İnsanların fəryadına şahid olduq. Topladığımız sənədlər, dəlillər əsasında qısa zamanda hesabat hazrladıq və ingilis dilinə də çevirərək başda BMT, Beynəlxalq Cinayət Məhkəməsi olmaqla dünyadakı bütün insan haqları qurumlarına göndərdik. Həmçinin Türkiyədəki 100-dən çox ölkənin səfirliyinə təqdim etdik. Bu addımımız çox yaxşı reaksiya doğurdu. Bu, bizim həm bir insan hüquqları üzrə, həm də insanlıq vəzifəmizdi ki, onu da icra etdik.

 

– Hesabatı Beynəlxalq Cinayət Məhkəməsinə də təqdim etdiniz. Ermənistan rəhbərliyinin törədilən müharibə cinayətlərinə görə Beynəlxalq Cinayət Məhkəməsi qarşısında məsuliyyətə cəlb olunması mümkündürmü?

– Beynəlxalq hüquqda qaldırılan iddialar əsasında məhkəmələrin başlaması, nəticələnməsi zaman alır. Çünki hüquq digər sahələr kimi deyil. Araşdırmaq, dəlillər toplamaq, o dəlillərlə bərabər iddianamələr hazırlamaq, məhkəmələri bunun əsasında qurmaq lazımdır. Beynəlxalq Cinayət Məhkəməsi 90-cı illərdə Bosniya-Herseqovinada baş verən müsəlmanların qətliamına görə ömürlük həbsə məhkum olan müharibə cinayətkarı Ratko Mladiçin 2017-ci ildən verdiyi apelyasiya şikayətinə dair qərarı bu günlərdə açıqlandı. Yəni bu uzun prosesdir. Doğrudur, Beynəlxalq Cinayət Məhkəməsi bir az yavaş işləyir, amma işləyir. Belə bir deyim var: “axsaq görünür, amma kor deyil”. Burada önəmli olan beynəlxalq hüquq mexanizmi ilə hərəkət etməkdir. Bu məsələdə bizim kimi hüquq təşkilatlarının, digər hökumət və qeyri-hökumət təşkilatlarının, elm adamlarının da fəal olması lazımdır. Tək bir qurumun görəcəyi iş deyil. Bu məsələnin beynəlxalq mediada çox yayılması da vacibdir. Bu mövzuda səbirlə, amma israrlı hərəkət etmək tələb olunur. Media adətən bir hadisəyə operativ baxış keçirər və nəticə tələb edər, amma hüquq belə deyil. Hüquqda önəmli olan prinsipial qərar verməkdir.  Doğrudur, çox da gecikməmək lazımdır. Bunun da gecikməməsi üçün Türkiyə Ombudsmanlıq təşkilatı üzərinə düşən vəzifəni prinsipiallıqla yerinə yetirir.

 

– Belə məsələlərdə türk dünyasının fəal olması nə qədər önəmlidir?

– Bunu ifadə etmək istərdim ki, İkinci Qarabağ savaşında Azərbaycan dövləti və qurumları çox yaxşı təşkilatlandı. Ermənistandan fərqli olaraq, bir tərəfdən yüksək müharibə mədəniyyəti nümayiş etdirdi, qarşı tərəfdəki dinc insanlara, onların yaşayış yerlərinə zərər vermədi.  Digər tərəfdən, istər dünya mətbuatına mütəmadi doğru məlumatlar yaydı. Amma bu yetərlidirmi? Deyil. Bu mexanizmlərin davamlı şəkildə işləməsi lazımdır. Bunun uğurlu nəticələr verməsi üçün, məsələn, Bakıda, Gəncədə, xarici ölkələrin paytaxt şəhərlərində – Berlində,  Parisdə, Londonda, Vaşinqtonda bu mövzu ilə bağlı toplantılar təşkil etmək olar. Bu toplantılara elm adamları, siyasilər, media nümayəndələri dəvət edilməlidir. Çünki biz gördük ki, haqlı olmaq yetəri deyil, Azərbaycan bu haqlılığını dünyaya car çəkməlidir.

 

– Bu yaxınlarda 2-si media təmsilçisi olmaqla, 3 azərbaycanlı Kəlbəcərdə mina partlayışında şəhid oldu. Ermənistan tərəfi vaxtilə işğal etdikləri minalar basdırdığı ərazilərin xəritəsini vermir. Bununla bağlı çağırışlara beynəlxalq təşkilatlar hələlik səssiz qalır. Bu haqda sizin fikriniz nədir?

– Savaş gedən yerlərdə sonradan yaşayışın, gediş-gəlişin təhlükəsiz olması üçün minalanmış ərazilərin xəritəsi təqdim olunmalıdır. Qarabağda savaş bitdikdən sonra o yerlərdə indiyədək 27 nəfər minadan ölüb. Bu, insanları bilərəkdən qətlə yetirməkdir. Əlbəttə, bunun da bir cəzası var. Əgər bu xəritə verilmirsə, orada qətl edilən, yaralanan, zərər görən hər bir faciəli hadisəyə görə məsuliyyət Ermənistanın üzərinə düşür. Qarabağ münaqişəsi həllinin məsuliyyətini öz üzərinə götürən ATƏT-in Minsk Qrupu bu günə qədər bir iş görməyib. Halbuki bu xəritənin qaytarılması üçün Minsk Qrupu addımlar ata bilər. Eyni zamanda Ermənistanın hüquqa uyğun davranmasının tələbi üçün beynəlxalq ictimai rəy də yaradılmalıdır. Bunun üçün medianın da üzərinə önəmli vəzifə düşür. Beynəlxalq Cinayət Məhkəməsində də bunun hesabı mütləq soruşulmalıdır. Bütün dünyanı ayağa qaldırmaq lazımdır, çünki mina mövzusuna dünya həssas yanaşır. Bu məsələnin Azərbaycanın dövlət qurumlarının dəstəyilə həll olması mümkün deyil. Dünyanın hər yerində Azərbaycanın diaspor təşkilatları var. O təşkilatlar da xaricdə daha aktiv çalışmalıdır.

Yəni,haqlı olduğunuzu, uğradığınız haqsızlığı hayqıraraq dilə gətirmək BMT-nin İnsan haqları bəyannaməsində, Avropa İnsan Haqları Konvensiyasında əks olunub.  Bu, demokratik, hüquqi haqdır. Haqq haqlının ən müqəddəs malıdır, verməzlərsə inadla alacaqsan. Yoxsa “mən haqlıyam, haqqım verilsin” deyib bir kənarda durarsan, kimsə haqqını sənə verməz, müasir dünyanın tələbi budur.

Mehparə SULTANOVA
Ankara