Xəbər verildiyi kimi, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr (Aleksandr Qriqoryeviç İşein) iyunun 10-da vəfat edib.

İyunun 13-də Bakıdakı Rus pravoslav kafedral kilsəsində arxiyepiskop Aleksandr ilə vida mərasimi keçirilib. Mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycandakı dini konfessiyaların rəhbərləri, rəsmilər iştirak ediblər.

Aleksandr İşein 1952-ci ildə Rusiyanın Yaroslavl şəhərində anadan olub. Moskva Teoloji Akademiyasını bitirib. 1998-ci ildə Rus Pravoslav Kilsəsi Müqəddəs Sinodunun qərarı ilə Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu təyin edilib. 2012-ci ildən arxiyepiskop dərəcəsinə yüksəlib.

Din xadimi kimi səmərəli fəaliyyəti qiymətləndirilən arxiyepiskop Aleksandr 2002-ci ildə Azərbaycanın “Şöhrət” ordeni, 2012-ci ildə “Dostluq” ordeni ilə təltif edilib, 2015-ci ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva arxiyepiskop Aleksandr vəfatı ilə əlaqədar Moskvanın və Bütün Rusiyanın Patriarxı Zati-müqəddəsləri Kirillə başsağlığı veriblər.

“Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandrın vəfatı barədə xəbər bizi dərindən kədərləndirdi.

Arxiyepiskop Aleksandrın fədakar əməyi, parlaq vaizlik istedadı, Azərbaycan–Rusiya dostluğunun, konfessiyalararası həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsinə böyük şəxsi töhfəsi ona haqlı olaraq müxtəlif millətlərin və dini etiqadların nümayəndələri arasında dərin hörmət qazandırmışdır. Onun xatirəsi qəlbimizdə daim yaşayacaq” – deyə başsağlığı məktubunda bildirilir.

“Aleksandr Atanın fəaliyyəti Azərbaycan tarixinin bütöv bir epoxası ilə bağlıdır” – bunu vida mərasimində jurnalistlərə açıqlamasında Rus Provaslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının mətbuat katibi Konstantin Pominov deyib.

O qeyd edib deyib ki, Aleksandr Ata Azərbaycanın tolerant, multikultural ölkə olduğunu, bütün xalqların, dini konvensiyaların mehribanlıq şəraitində yaşadığını dünyaya çatdırmaq üçün bacardığını edib: “Azərbaycan dövləti də onun fəaliyyətini yüksək qiymətləndirib. Aleksandr Ata Azərbaycanda dini konvensiyalar və xalqlar arasında münasibətlərin inkişafına böyük töhfə verib. Bu insan Azərbaycanda anadan olmasa da, o, ruhca Azərbaycana çox yaxın olub, fəaliyyəti ancaq Azərbaycanın xeyrinə olub. Vətən müharibəsi dövründə Azərbaycan torpaqlarını işğaldan azad edərkən, ərazi bütövlüyümüz bərpa olunarkən Aleksandr Ata həmişə dua edib. Şübhəsiz ki, Allah bu qələbə zamanı onun da dualarını qəbul edib”.

Arxiyepiskop Aleksandr Bakıda, I Fəxri xiyabanda dəfn edilib.