Naxçıvan MR Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi salonunda muxtar respublikanın Əməkdar rəssamı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Həbibə Allahverdiyevanın “Qadın – gözəllik və tarixin sədası” adlı fərdi yubiley sərgisi açılıb.

Tədbirdə Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək sərgi haqqında məlumat verib. Bildirib ki, bu il Naxçıvan MR Rəssamlar Birliyinin 50 illik yubileyi qeyd olunur. Bu fərdi sərgi də yubiley çərçivəsində keçirilir. Həbibə xanımın bir sıra fərdi sərgiləri təşkil olunub. O, təkcə muxtar respublikada deyil, xarici ölkələrdə keçirilən sərgilərdə də iştirak edərək, Naxçıvanı uğurla təmsil edib.

Ülviyyə Həmzəyeva çıxışının sonunda Həbibə Allahverdiyevanın 40 illik yubileyi və yeni sərgisinin açılışı münasibətilə təbrik edib, yaradıcılıq uğurları arzulayıb.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxışında vurğulayıb ki, Həbibə Allahverdiyevanın əsərlərində insan xarakterlərini böyük məharətlə acır. Həbibə xanım həm də müəllimdir. Sənət təcrübəsi ilə yanaşı, vətənpərvərliyi, milli dəyərləri də öz tələbələrinə aşılayır.

Daha sonra Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov, Xalq rəssamı Hüseynqulu Əliyev, Naxçıvan MR Yazıçılar Birliyinin sədri Asim Yadigar və başqaları çıxış edərək rəssamın yaradıcılıq keyfiyyətlərindən danışıb, onu fərdi yubiley sərgisi münasibətilə təbrik edib, yeni uğurlar arzulayıblar.

Həbibə Allahverdiyeva yaradıcılığına göstərilən diqqət və qayğıya, fəaliyyətinə verilən dəyərə görə minnətdarlıq edib.

Sonda təbir iştirakçıları sərgi ilə tanış olublar. Sərgidə qrafika və yağlı boya ilə çəkilmiş 40 qadın obrazı və qadın kompozisiyası nümayiş olunur.