Sentyabrda Qırğızıstanda Dünya Xalqlarının VI Eposlar Festivalı keçiriləcək. Ənənəvi festival bu il tanınmış qırğız şairi, “Manas”çı Toqolok Moldonun (əsl adı Bayımbet Abdurahmanov; 1860-1942) anadan olmasının 160 illiyinə həsr olunacaq.

Festivalda ölkəmizi “Turan” İstedadlar Birliyi təmsil edəcək. Birliyin İdarə heyətinin sədri, kulturoloq-yaponşünas Əbülfəz Babazadə festival çərçivəsində təşkil olunacaq "Dünya xalqlarının epik ənənələri: mifoloji semantika və tipologiyanın öyrənilməsi aspektləri" adlı beynəlxalq elmi-praktik simpoziumda “Epik irsin dərki cəmiyyətin davamlı inkişaf mədəniyyətinin vacib vasitəsi kimi” mövzusunda məruzə edəcək. Tədbirdə Azərbaycanda son illərdə epik irsin qorunması, təbliği və tədqiqi ilə bağlı nəşrlərdən ibarət sərginin təşkili də nəzərdə tutulub.

Qeyd edək ki, Dünya Xalqlarının Eposlar Festivalı Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyinin təşkilatçılığı, Qırğızıstan Prezidentinin dəstəyi və MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə gerçəkləşir. Festivalın məqsədi xalqlar arasında mədəni körpülərin salınması və onların mədəni müxtəlifliyinin qorunması təcrübəsini müəyyənləşdirmək, xalqların yaxınlaşması üçün gənc nəslin nümayəndələrini tolerantlıq və birliyə çağırmaq, insanlar arasında tarixi keçmişə hörmət və məhəbbət hisslərini təşviq etmək, ölkənin mədəni həyatında əhalinin bütün təbəqələrinin iştirakının əlçatanlığına nail olmaq və hər bir xalqın unikallığını vurğulamaqdır.