Milli Kitabxanada “Xilaskarlar” kitabının təqdimatı

İyunun 14-də Milli Kitabxanada Milli Qurtuluş Gününə həsr olunmuş tədbir və Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevin “Xilaskarlar” kitabının təqdimat mərasimi keçirildi.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov tədbiri açaraq 15 İyun – Milli Qurtuluş Gününün əhəmiyyətindən danışdı. Bildirdi ki, 1993-cü ilin may-iyun aylarında Azərbaycanın müstəqilliyi böyük təhlükə qarşısında idi. Həmin dövrdə xalqımız ümummilli lider Heydər Əliyevi Bakıya dəvət etdi. Xalqın çağırışı ilə hakimiyyətə qayıdan ulu öndərin qətiyyətli addımları və uzaqgörən siyasəti nəticəsində vətəndaş qırğınının qarşısı alındı, Azərbaycan dövləti fəlakətdən qurtuldu.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Milli Qurtuluş Gününü Azərbaycanın dövlətçilik tarixində mühüm hadisə kimi səciyyələndirdi: “Ulu öndər Heydər Əliyev deyərdi ki, bizim gələcəyimiz gənclərimizə nəyi və necə öyrətməyimizdən çox asılı olacaq. İndiki gənclər o dövrün canlı şahidləri deyillər. Həmin prosesləri izləmək imkanına malik olmayıblar. Ona görə də gənc nəslin vətənpərvərlik, dövlətçilik ruhunda daha yaxşı böyüməsi üçün keçdiyimiz tarixi prosesləri onlara geniş öyrətməliyik”.

Qənirə Paşayeva kitabın müəllifinə təşəkkürünü bildirdi: “Ümummilli lider Heydər Əliyev bizim doğulub böyüdüyümüz Tovuz rayonunun Düzqırıxlı kəndində iki dəfə olub. O dövrlərdən başlayaraq bütün tarixi proseslərdə Qəzənfər müəllim öz müşahidələrini, fikirlərini, xatirələrini kitabda qələmə almaqla, əslində, bu əsəri oxuyan gənc nəsillərə bir çox vacib mesajlar verir”.

Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Akif Marifli çıxış edərək Milli Qurtuluş Günü münasibətilə mədəniyyət naziri Anar Kərimovun tədbir iştirakçılarına təbriklərini çatdırdı. Bildirdi ki, 1993-cü ildə, ölkəmizin dar günündə Heydər Əliyev uzaqgörənliyi və dövlətçilik təcrübəsi ilə Azərbaycanı xaosdan qurtararaq xalqımızın yaddaşında əbədi xilaskar kimi qaldı.

AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, kitabın ön sözünün müəllifi, akademik İsa Həbibbəyli qeyd etdi ki, professor Qəzənfər Paşayevin çoxcəhətli fəaliyyətində azərbaycançılıq həmişə xüsusi yer tutub: “Bu vaxta qədər azərbaycançılıq ideallarından əsasən elm və ədəbiyyat baxımından söz açan Qəzənfər Paşayev “Xilaskarlar” kitabında ilk dəfə olaraq azərbaycançılıqdan ictimai-siyasi müstəvidə bəhs edib”.

YAP Səbail rayon təşkilatının sədri, professor Şəmsəddin Hacıyev, AMEA-nın Mexanika və Riyaziyyat İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Misir Mərdanov, AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli Milli Qurtuluş Gününün tarixi önəmi, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizin inkişafı naminə gördükləri işlərdən bəhs  etdilər, kitabın məziyyətləri barədə danışdılar.

Milli Məclisin üzvü, Xalq şairi Sabir Rüstəmxanlı dedi ki, iki aydan sonra Qəzənfər müəllimin 84 yaşı tamam olacaq: “Qocaman alimin bu gün də yeni əsərlər qələmə alması çox böyük uğurdur. Bu münasibətlə Qəzənfər müəllimi təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayıram”.

Azərbaycanda Atatürk Mərkəzinin direktoru, millət vəkili, akademik, nəşrin redaktoru Nizami Cəfərov vurğuladı ki, kitab dünyagörmüş, fikir və mülahizələrini yığcam təhlillər, müqayisələr və canlı həyati misallarla ifadə etməyə qadir, əsərləri ərəb, ingilis, fars, türk, rus dillərində çap olunan, Şərq və Qərb ədəbi-elmi mühitində yaxşı tanınan professor Qəzənfər Paşayevin xalqın tarixi müqəddəratında müstəsna rol oynayan xilaskarlarımız Heydər Əliyev epoxası və İlham Əliyev erasına dair könül çırpıntılarıdır. Daha çox gələcək nəsillərə ünvanlanan bu yığcam əsər xalqını, dövlətini, Vətənini sevən, ürəyi vətənpərvərlik coşqusu ilə döyünən hər bir azərbaycanlının stolüstü kitabına çevriləcək”.

Sonda professor Qəzənfər Paşayev çıxış edərək nəşrin işıq üzü görməsində əməyi olan hər kəsə təşəkkürünü bildirdi.

Qeyd edək ki, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi şurasının qərarı ilə “Təhsil” nəşriyyatında çap olunan kitab ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev haqqında iki bölməldən ibarətdir.

Nurəddin MƏMMƏDLİ