Sentyabrda birinci sınaq uçuşu yerinə yetiriləcək

 

Bu il yanvarın 15-də Prezidenti İlham Əliyev tərəfindən təməli qoyulan Füzuli Beynəlxalq Hava Limanında uçuş-enmə zolağının və perronun tikintisində torpaq işləri başa çatıb. Hazırda “yol geyimi”nin tikintisi həyata keçirilir.

Bu barədə tikintini aparan “AzVirt” MMC-nin baş direktoru Kamil Əliyev iyunun 14-də dövlət başçısına məlumat verib.

Füzuli rayonuna səfərə gələn Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar.

Bildirilib ki, hava limanının 3 min metr uzunluğunda, 60 metr enində uçuş-enmə zolağına təyyarələrin enişi iki tərəfdən də təmin olunacaq. Perronun ölçüləri 60 min kvadratmetrdir, təxminən 8 ədəd A-320 tipli təyyarə yerləşə bilər. Tikintini aparmaq üçün yaxınlıqda Quruçayda iki asfalt zavodu quraşdırılıb, üç daşqıran qurğu da var.

İş proqramına əsasən, sentyabrın 5-də birinci sınaq uçuşunun nəzərdə tutulduğunu deyən Kamil Əliyev bildirib ki, işlər bu sürətlə getsə, aerovağzal kompleksi bu ilin sonuna kimi tam istifadəyə verilə bilər.

Dövlət başçısına məlumat verilib ki, artıq Zəngilan tikiləcək hava limanı ilə bağlı torpaq işlərinə də başlanılıb, həmçinin Laçın rayonunda aeroportun tikiləcəyi yer layihə üzrə müəyyən edilib.

 

Aşağı Köndələnçay su anbarı və Zəfər yolunda görülən işlərlə tanışlıq

 

Prezident İlham Əliyev və birinci xanım iyunun 14-də Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında olublar. Dövlətimizin başçısına su anbarının texniki göstəriciləri barədə məlumat verilib.

Bildirilib ki, ümumi tutumu 9,5 milyon kubmetr olan bu su mənbəyi 62 min hektar sahəni suvarmağa imkan verirdi. 1993-cü ildə Füzuli rayonu erməni qəsbkarları tərəfindən işğal ediləndən sonra su anbarının Azərbaycan tərəfindən istismarı qeyri-mümkün olub.

Prezident qeyd edib ki, uzun illər düşmənin əlində olan Köndələnçay su anbarı İkinci Qarabağ müharibəsindən sonra artıq bizim əlimizdədir və bundan sonra Azərbaycan xalqının maraqlarına xidmət edəcək: “Bu su anbarı ulu öndər Heydər Əliyevin göstərişi və təşəbbüsü ilə 1980-ci illərin əvvəllərində inşa edilmişdir. Bunun əsas məqsədi Füzuli rayonunda kənd təsərrüfatının inkişafı idi və minlərlə hektar torpaq bu anbar vasitəsilə suvarılırdı. Biz Vətən müharibəsindən sonra həm Suqovuşan su anbarını nəzarətə götürdük, həm də Köndələnçay su anbarı bizim əlimizdədir. Artıq bu anbarların gələcək istismarı ilə bağlı müvafiq göstərişlər verilib”.

***

Prezident İlham Əliyev iyunun 14-də Əhmədbəyli-Füzuli-Şuşa yolunda və Zəfər yolunda görülən işlərlə də  tanış olub.

Məlumat verilib ki, 4 və 6 hərəkət zolaqlarından ibarət Əhmədbəyli-Füzuli-Şuşa yolunun uzunluğu 81 kilometr, Zəfər yolunun uzunluğu isə 101 kilometr olacaq. Hər iki yol boyunca tunellər, körpülər inşa ediləcək, bütün zəruri infrastruktur yaradılacaq.

Prezident həmçinin Zəfər yolunun Xocavənd rayonundan keçən hissəsində inşa edilən körpüdə görülən işlərlə tanış olub. Bildirilib ki, Quruçay üzərində inşa olunan üçaşırımlı körpünün uzunluğu 86 metr olacaq.