Qarabağ qələbəsini taclandıran Şuşa səfəri Türkiyə-Azərbaycan əlaqələrini daha da gücləndirəcək

 

Qarabağda otuz illik bir keçikmə ilə də olsa, ədalət öz yerini tapdı və bölgədə umidlər yenidən baş qaldırdı. Savaşın yerini barışın, gərginliyin yerini əmin-amanlığın, qeyri-sabitliyin yerini qalıcı bir sülhün ala biləcəyi dövrün qapıları aralandı.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu sözləri iyunun 14-də Brüsseldə amerikalı həmkarı Co Baydenlə görüşdən sonra mətbuata açıqlamasında deyib.

"TRT Haber”in məlumatına görə, dövlət başçısı pandemiyanın dünya düzəninə təsirindən, eləcə də ölkəsinin terrora qarşı mübarizəsindən danışıb. Ərdoğan terror təşkilatlarının müttəfiq ölkələrin silahları ilə silahlandırılmasına görə təəssüf etdiyini nəzərə çatdırıb.

Türkiyə Prezidenti Qarabağ məsələsindən də yan keçməyib və gec də olsa, ədalətin öz yerini tapdığını qeyd edib.

Sonda Ərdoğan "Buradan Azərbaycana bir səfər var” deyə  mətbuat nümayənlərinin diqqətinə çatdırıb.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Azərbaycana rəsmi səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

***

"NATO zirvəsindən sonra Azərbaycanın tarixi və mədəni paytaxtı olan Şuşaya gedirik” – Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın Şuşa səfəri ilə bağlı rəsmi “Twittter” hesabında bu paylaşımı edib.

 “Qarabağ qələbəsini taclandıran bu səfər Türkiyə-Azərbaycan əlaqələrini daha da gücləndirəcək və dərinləşdirəcəkdir. Qafqazların tarixi inam, əzm və cəsarətlə yenidən yazılır", – İbrahım Kalın əlavə edib.