TÜRKSOY-da Yunus Əmrə irsi ilə bağlı sərgi açılıb

 

İyunun 14-də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Ankaradakı qərargahında böyük türk şairi və mütəfəkkiri, türk ədəbi dilinin banilərindən biri Yunus Əmrənin vəfatının 700 illiyinə həsr olunmuş sərginin açılışı keçirildi.

“Gəl, gör məni” adlı sərgini TÜRKSOY Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Milli Təhsil Nazirliyi, Yunus Əmrə İnstitutu, Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu və Ankara Təkmilləşdirmə İnstitutu ilə birlikdə hazırlayıb.

Açılış mərasiminə Türkiyə mədəniyyət və turizm nazirinin müavini Sərdar Çam, Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun rəhbəri Məhəmməd Həkimoğlu, Türk Dil Qurumunun rəhbəri Gürer Gülsevin, Milli Təhsil Nazirliyinin rəsmisi Cem Gençoğlu, Xarici İşlər Nazirliyinin Mədəni diplomatiya şöbəsinin baş direktorunun müavini Emir Selim Yüksel, Avrasiya Yazıçılar Birliyinin sədri Yaqub Öməroğlu və digər qonaqlar qatılmışdı.

Mərasimdə çıxışına Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “İtik itirildiyi yerdə tapılar” ifadəsiylə başlayan TÜRKSOY-un Baş katibi Düsen Kaseinov “Hikmət axtarmağa dillərimizdən başlamalıyıq və dünya dili olan türk dilinə sahib çıxmalıyıq” dedi. 2021-ci ilin Türkiyədə “Yunus Əmrə və Türk Dili İli” elan edilməsi ilə bərabər, Yunus Əmrənin vəfatının 700 illiyinin həm də UNESCO-nun yubileylər siyahısına salındığını diqqətə çatdıran Düsen Kaseinov bu vəsilə ilə düzənlənən müxtəlif tədbirlərin eyni zamanda mənəvi xəzinəmizin təbliğini genişləndirmək üçün bir fürsət olduğunu vurğuladı.

Baş katib mütəfəkkir şairin həyat və şəxsiyyətindən də bəhs edərək, Yunus Əmrə, Mövlanə (Cəlaləddin Rumi), Hacı Bektaşi Vəli, Pir Sultan və digər Anadolu mütəfəkkirlərinin Əhməd Yəsəvidən aldıqları ilahi eşq atəşini geniş Türk dünyası coğrafiyasına yaydıqlarını bildirdi: “Bilik, ürfan və müdriklik insanı bizim Yunus, qədim Anadolu torpaqları başda olmaqla, Türk  dünyasına böyük bir miras və silinməz izlər buraxıb”.

Türkiyə mədəniyyət və turizm nazirinin müavini Sərdar Çam çıxışında 2021-ci ilin həmçinin Hacı Bektaşi Vəli və Ahi Evran (Pir Ahi Evran Vəli) kimi mütəfəkkirlərin də xatirə ili olduğunu qeyd edərək “Bütün bunları nəzərdən keçirərkən bu böyük insanların bizlərə bəxş etdikləri zəngin bir mənəvi sərvət içində olduğumuzu görə bilərik” dedi.

“Yunus Əmrə və Türk Dili İli”ndə Türkiyənin 81 vilayətində və dünyanın 81 ölkəsində ümumilikdə 1800-dən çox tədbirin düzənlənəcəyini deyən nazir müavini “Yunus Əmrə” oratoriyasının (məşhur bəstəkar Əhməd Adnan Sayqunun müəllifi olduğu ilk tükcə oratoriya – red.) Belçikada təşkil ediləcək Sufi həftəsi çərçivəsində təqdim ediləcəyini də diqqətə çatdırdı. Bildirdi ki, bu il vəsiləsi ilə alimlərimizin və diplomatlarımızın da bizi anlatmaq, ifadə etmək üçün imkanları var.

Çıxışlardan sonra sərginin rəmzi açılış lenti kəsildi. Tədbir iştirakçıları Yunus Əmrənin həyatını, yaradıcılığını, yaşadığı dövrü əks etdirən sərgi ilə tanış oldular, musiqiləri dinlədilər, ebru sənətçilərinin əl işini canlı izlədilər.

Mehparə SULTANOVA
Ankara