Bu gün tarixi gündür. Türkiyə Prezidentini Qarabağ torpağında salamlayırıq. Əziz qardaşım Azərbaycanda dəfələrlə olub. Ancaq ilk dəfə Qarabağ torpağında, Şuşada biz bir yerdəyik. Bu səfərin tarixi əhəmiyyəti var.

Azərbaycan Prezidenti İlham Əliyev bu sözləri Türkiyə Prezidenti  Rəcəb Tayyib Ərdoğanla birlikdə Şuşa Bəyannaməsini imzaladıqdan sonra  söyləyib.

“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanasından sonra İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarla çıxış ediblər.

Dövlətimizin başçısı deyib: “Bu gün müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı öz-özlüyündə hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək işbirliyimizin təminatıdır”.

“Biz bu gün azad edilmiş Şuşada görüşürük. Bu gün əminəm ki, bütün Azərbaycan və türk xalqının gözü burdadır. Bütün dünyanın gözü burdadır” – deyə İlham Əliyev vurğulayıb.

Dövlət başçısı bildirib ki, bu səfər Azərbaycanda səbirsizliklə gözlənilirdi: “Bu gün buradan, qədim şəhərimiz olan Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salacaq. Bunun böyük əks-sədası olacaq. Bu səfərin tarixi əhəmiyyəti bundan sonra uzun illər ərzində dillərdə olacaq”.

“Qardaşım İlham Əliyevlə bir az əvvəl keçirdiyimiz görüşdə münasibətlərimizi təkrar dəyərləndirmək imkanımız oldu” – deyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatında bildirib.

Ərdoğan diqqətə çatdırıb ki, qarşıdakı aylarda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclası Türkiyədə keçiriləcək.

Türkiyə Prezidentinin sözlərinə görə, iki ölkə vətəndaşları şəxsiyyət vəsiqəsi ilə 1 aprel 2021-ci il tarixdən etibarən qarşılıqlı səfər edə bilirlər: “Bu addım qarşılıqlı münasibətlərimizi asanlaşdıraraq bizləri bir-birimizə daha da yaxınlaşdıracaq. İkitərəfli ticarətimizdə son dövrlər önəmli addımlar atdıq. Türkiyə-Azərbaycan arasında tərcihli ticarət anlaşması 1 mart 2021-ci ildə qüvvəyə mindi. Ticarət dövriyyəmizi 2023-cü ildə 15 milyard dollara çatdırmaq hədəfimizə doğru addım-addım irəliləyirik. Bir çox şirkətimizin Azərbaycanda önəmli sərmayələri var... Qarşıdakı dövrdə ticarət və iqtisadi əməkdaşlığımızın əhatəsini daha da genişləndirəcəyik. Azərbaycanla Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və TANAP kimi nəhəng layihələri bərabər tamamladıq. Bu layihələr ölkələrimizlə birlikdə bütün bölgənin rifahı və istiqrarına fayda verir”.

Türkiyə Prezidenti diqqətə çatdırıb ki, Şuşa Bəyannaməsi ilə münasibətlərin yeni dönəmdəki yol xəritəsi müəyyən edilib: “Türkiyə və Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsi bir çox məsələləri əhatə edir. Bundan sonra gələcəkdə bir çox addımları atarkən burada artıq sadəcə iki ölkəni deyil, bütün bölgəni əhatə edən bir qətiyyət əksini tapacaq”.