Özbəkistanın paytaxtı Daşkənddə “Şərqin böyük şairləri Nizami Gəncəvi və Əlişir Nəvainin həyat və yaradıcılığı: oxşar talelər” adlı beynəlxalq onlayn elmi seminar keçirilib. Tədbir Azərbaycan şairi Nizami Gəncəvinin 880 və özbək şairi Əlişir Nəvainin 580 illik yubileylərinə həsr edilib.

Seminarın aparıcısı – Kəmaləddin Behzad adına Daşkənd Rəssamlıq və Dizayn İnstitutunun dosenti Oybek Qasımov, eləcə də AMEA A.Bakıxanov adına Tarix İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşı Yusif Məmmədov hər iki şairin həyat və yaradıcılığı barədə fikirlərini bölüşüblər.

Azərbaycan alimləri – professorlar Ramiz Əskər, Tərlan Quliyev, Mais Əmrahov, filologiya üzrə elmlər doktoru Almaz Ülvi Binnətova, filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə Bədəlova, tarix üzrə fəlsəfə doktoru, dosent Nigar Axundova, həmçinin özbək alimləri Nizami Gəncəvi və Əlişir Nəvainin ölməz “Xəmsə”ləri haqqında söhbət açıblar.