İyunun 15-də Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələri Milli kitabxanalarının direktorlarının V virtual iclasında iştirak edib.

Videokonfrans formatlı iclasa İFLA-nın (Kitabxana Assosiasiyaları və Müəssisələrinin Beynəlxalq Federasiyası) prezidenti Kristina Makenzi, ECO Mədəniyyət İnstitutunun prezidenti Sərvər Bəxti, ECO üzvü olan İran, Türkiyə, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistan Milli kitabxanalarının direktorları qatılıblar.

İclasda Azərbaycan Milli Kitabxanası haqqında qısa tanıtım videosu nümayiş olunub.

Kərim Tahirov çıxış edərək bildirib ki, pandemiya dövründə Azərbaycan Milli Kitabxanası öz fəaliyyətini dayandırmayıb və onlayn rejimdə oxuculara xidmətini davam etdirir. Bu dövrdə 3 milyon oxucuya virtual rejimdə xidmət göstərilib, oxucuların sifarişi əsasında elektron bazada olmayan 40 min tammətnli elektron resurs yaradılaraq oxucuların elektron poçt ünvanına göndərilməsi təmin edilib. Həmçinin, müxtəlif mövzular üzrə çoxlu sayda elektron məlumat bazaları, virtual elektron sərgilər, daycestlər və digər elektron nəşrlər hazırlanaraq Milli Kitabxananın saytı və sosial şəbəkələr vasitəsilə oxuculara təqdim edilib. Ümumilikdə pandemiya bizi yeni iş formaları axtarıb tapmağa və onlayn rejimdə bir sıra xidmətlər göstərməyə sövq edib.

Direktor bildirib ki, ölkə başçısının sərəncamı ilə 2021-ci il dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar “Nizami Gəncəvi İli” elan olunub və Milli Kitabxana Nizami irsi ilə bağlı dünya kitabxanalarında saxlanılan əlyazmalarının digital nüsxələrinin toplanmasını həyata keçirir. Bu günədək dünyanın 48 kitabxanasından 108 əlyazmanın elektron versiyasını əldə edilib. K.Tahirov fürsətdən istifadə edərək İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrdəki həmkarlarına müraciət edərək kitabxanaların fondlarında olan Nizami Gəncəvi əsərlərinin əlyazmalarının digital (elektron) nüsxələrinin Azərbaycan Milli Kitabxanasına göndərməyi xahiş edib.

K.Tahirov onu da vurğulayıb ki, 2023-cü ildə Azərbaycan Milli Kitabxanası 100 illik yubileyini qeyd edəcək. O, ECO ölkələri Milli Kitabxana Direktorları Şurasının növbəti toplantısının 2023-cü ilin sentyabrında Bakıda keçirilməsini təklif edib.

Direktor çıxışında Azərbaycan ərazilərinin otuz ilə yaxın Ermənistanın işğalı altında olduğu dövrdə yüzlərlə mədəniyyət müəssisəsinin, o cümlədən 975 kitabxananın dağıdıldığını, bu kitabxanaların ümumilikdə 4,5 milyon nüsxə kitab fondunun məhv edildiyini də diqqətə çatdırıb. Vurğulayıb ki, 2020-ci ilin Vətən müharibəsində işğaldan azad edilən bölgələrimizdə yeni kitabxanalar qurulacaq. Direktor Azərbaycan Milli Kitabxanasının ölkəmizə gəlmək istəyən hər bir ölkə nümayəndələrini qəbul etməyə və işğal dövründə törədilən vandalizmlə tanış etmək üçün həmin ərazilərə aparmağa hazır olduğunu bildirib.