Xətai Sənət Mərkəzinin qarşısında “Azərbaycanım” IV Respublika uşaq rəsm festivalı çərçivəsində növbəti plener keçirildi. İyunun 15-də gerçəkləşən plener Milli Qurtuluş Gününə həsr olunmuşdu.

Tədbiri giriş sözü ilə Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov açaraq  əvvəlcə plener iştirakçılarını salamladı. Bildirdi ki, plenerin keçirilməsində məqsəd rəssamlıq istedadı olan uşaq və gənclərin bədii zövqünü inkişaf etdirmək, təxəyyül fantaziyasına stimul vermək, eyni zamanda onların əhatə olunduqları mədəni mühitə münasibətini formalaşdırmaq, paytaxt sakinləri və şəhərimizin qonaqlarının təsviri sənətə marağının artmasına xidmət etməkdir.

Xətai Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Pənah İmanov Milli Qurtuluş Günündən və onun Azərbaycan xalqı üçün əhəmiyyətindən danışdı. Bildirdi ki, bu əlamətdar gün Azərbaycan xalqı üçün böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malikdir: “Ulu öndər Heydər Əliyev siyasi hakimiyyətə gələrkən Azərbaycanda çətin ictimai-siyasi vəziyyət hökm sürürdü. Xalqımızın təkidli tələbi ilə 1993-cü ilin 15 iyun tarixində ölkə rəhbərliyinə gələn ümummilli lider Heydər Əliyev Azərbaycanın üstünü alan qara buludları dağıtdı. Ölkəmizdə daxili sabitlik yarandı və gələcək inkişafımızın əsası qoyuldu”.

Xətai rayonunda fəaliyyət göstərən Uşaq rəsm yaradıcılıq studiyasının müəllimi Əbdül Şərif uşaqlara yaradıcılıq uğurları arzuladı.

Çıxışlardan sonra uşaq və gənclər Xətai Sənət Mərkəzinin qarşısında açıq havada müxtəlif mövzularda rəsm əsərləri çəkdilər. Plenerə bu ilin fevral ayında elan olunmuş “Yurdumuza bahar gəlir” yaradıcılıq müsabiqəsində fərqlənən uşaqlarla yanaşı, digər balaca istedadlar da qatılmışdı.

Tədbirin sonunda plener iştirakçılarına sertifikatlar təqdim edildi.

Xatırladaq ki, bu il “Nizami Gəncəvi İli”nə həsr olunan “Azərbaycanım” IV Respublika uşaq rəsm festivalı Mədəniyyət Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, paytaxtın Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.

Savalan FƏRƏCOV