Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə reallaşan “Art Management” layihəsi çərçivəsində iyunun 15-də “Yaradıcılıq sənayesində rəssamlığın rolu” mövzusunda vebinar keçirilib.

Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov vebinar iştirakçılarını salamlayıb və “Yaradıcılıq sənayesində rəssamlığın rolu” mövzusunda təqdimatla çıxış edib.  Bildirib ki,  qloballaşan və müasir dünyada kreativ sənayelərin inkişaf etdirilməsi, yaradıcı şəxslərlə yanaşı, ölkənin iqtisadiyyatına da böyük təsir edir.

Tədbir iştirakçılarının suallarını cavablandıran Qalib Qasımov Azərbaycan rəssamlarının həm yerli, həm xarici incəsənət bazarına çıxmaq üçün böyük yaradıcı potensialları olduğunu xüsusilə vurğulayıb.

 “Art Management” layihəsi rəssamların yaradıcılıq potensialından səmərəli istifadə etmək, onların bu istiqamətlər üzrə hazırlıq səviyyəsini yüksəltmək, yeni bilgi və təcrübə mübadiləsi platformasını yaratmaq məqsədilə həyata keçirilir.

Layihəni Azərbaycan Dövlət Rəsm Qalereyasının saytı (www.azgallery.az), “Facebook” və “İnstagram” sosial media hesabları vasitəsilə izləmək mümkündür.