Prezident İlham Əliyevin 7 may 2021-ci il tarixli sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərində Heydər Əliyev Fondu tərəfindən silsilə mədəni tədbir və layihələrin həyata keçirilməsinə start verilib.

Şuşaya səfərimizin məqsədi də bu istiqamətdə növbəti işin həyata keçirilməsi ilə bağlı idi. Mədəniyyət Nazirliyi tərəfindən qarşıya qoyulan vəzifə Azərbaycan Milli İncəsənət və Azərbaycan Milli Xalça muzeylərinin kolleksiyalarında qorunan eksponatlardan ən nəfis xalq tətbiqi sənət nümunələri və korifey rəssamlarımızın Qarabağ, xüsusilə də baş tacımız Şuşaya həsr etdikləri əsərlərin, həmçinin şuşalı rəssamların yaradıcılığından ən dəyərli sənət nümunələrinin sərgilənməsi idi. Bu məqsədlə 2-5 iyun tarixində Şuşada olduq.

Azərbaycan Milli İncəsənət Muzeyini bu sətirlərin müəllifi və muzeyin Sərgi və tərtibat şöbəsinin müdiri Araz Osmanov təmsil edirdi. Muzeyimiz üçün təyin edilmiş məkanda – XIX əsrdə inşa edilən tarixi abidə –Şuşa Rəsm Qalereyasında Salam Salamzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, Altay Hacıyev, Nadir Əbdürrəhmanov, Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, İsmayıl Axundov kimi görkəmli rəssamların qrafika və rəngkarlıq texnikalarında yaratdıqları tablolar daha ecazkar görünürdü. Eyni iş XIX əsrin 80-ci illərində məşhur şuşalı tacir Ağa Qəhrəman Mirsiyab oğlunun vəsaiti hesabına inşa edilmiş qədim karvansarada – Şuşa Yaradıcılıq Mərkəzində təşkil edilən fotosərgidə, xalçalar üçün nəzərdə tutulan tarixi məkanda da gedirdi.

Şuşa şəhəri çox dinamik şəkildə bərpa edilir, hər küçə, tarixi abidə, məscid, hamam, karvansara, bulaq və s. əvvəlki simasına qaytarılır. Şəhərin mərkəzində, Şuşa Rəsm Qalereyası ilə yanaşı olan XVIII əsrə aid tikili – Saatlı məscidi, XIX əsrdə inşa edilmiş Mamay məscidi, XIX əsrin I yarısında inşa edilmiş Gövhər ağa məscidi və digər tarixi abidələr Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır. Şəhərin mərkəzində isə uzun illər Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılan və doğma məkana qayıdışını həsrətlə gözləyən üç abidə ucalır – Azərbaycanın müasir peşəkar musiqi sənətinin banisi Üzeyir Hacıbəyli, XIX əsr Azərbaycanın görkəmli şairəsi, sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı Xurşudbanu Natəvan və Azərbaycanın professional vokal məktəbinin banisi Bülbülün büstləri. Şəxsiyyətləri, vətənpərvərliyi ilə Şuşanın saf suyunda, hər daşında, qayasında yaşayan Natəvan, Üzeyir və Bülbülün ruhu vətənlərində ucalmaqla, sanki öz vətənlərini də ucaldırlar.

Prezidentin Şuşaya təyin edilmiş xüsusi nümayəndəsi Aydın Kərimovla elə bu abidələrin önündə tanış olduq. Şuşada gedən bərpa və quruculuq işləri haqqında söhbət açan Aydın müəllim, eyni zamanda incəsənətə dəyər verən, milli irsimizə qayğı göstərən insan kimi məmnuniyyətlə sərgimizi ziyarət etdi. Nümayiş edilən dəyərli əsərlər haqqında bizimlə maraqlı həmsöhbət oldu.

Şuşa, həqiqətən də, birlik rəmzidir. Burada çalışan bütün insanlar bir-birinə əziz və doğmadırlar. Tanımadığımız insanlar yolboyu bizə salam verib, əhvalımızı soruşur, yardımçı olmağa çalışırdılar. Şuşanı dolaşarkən şəhəri azad etmiş qəhrəmanlarımızın divarlar üzərində özləri haqqında qoyduqları xatirə yazılar bizi kövrəldir və qürurlandırırdı. Azərbaycanın hər bölgəsindən olan igidlərimiz öz doğma diyarlarını və adlarını zəfər çaldıqları məkanların, evlərin divarları üzərində həkk etmişdilər, burada sanki Azərbaycan qarış-qarış sadalanırdı. O igidlər Şuşanı azad etməyə gəlmişdilər. İndi isə bu azad şəhərdə yarım qalmış arzuları yaşatmaq, yaratmaq zamanıdır. 

Şahidi olduğumuz Şuşa bərpa edilir, böyük sürətlə quruculuq və abadlıq işləri aparılır. Əminəm ki, o, tezliklə hamımızın arzusunda olduğumuz müqəddəs ziyarətgaha çevriləcək.  

Xədicə ƏSƏDOVA
Milli İncəsənət Muzeyinin direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru