Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Nizami Gəncəvi İli" çərçivəsində “Mənim düşüncəm 2021” adlı rəsm müsabiqəsi elan olunub.

Müsabiqə yay tətili dövründə rəssamlıq istedadı olan uşaq və gənclərin təsvir sənət bacarıqlarını inkişaf etdirmək məqsədilə keçirilir.

Dövlət Rəsm Qalereyası bildirilib ki, yaşı 21-ə qədər olan istedadlı şəxslər 2021-ci ilin oktyabr ayının 10-dək Bakı Xətai Sənət Mərkəzinin feysbuk qrupuna (https://www.facebook.com/groups/144172178999749/?ref=share) təqdim etdiyi əsərin fotosunu, əsərin adını, müəllifin adı, soyadı, təvəllüdü, təhsil aldığı məktəbi və əlaqə nömrəsini yerləşdirməklə müsabiqəyə qatıla bilərlər.

Əsərlər tək-tək yerləşdirilməli, məlumatlar dolğun olmalı, 2-dən çox əsər göndərilməməlidir.

Mövzu sərbəstdir.

Ən çox uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərlər seçiləcək.

Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək.

Seçim zamanı kənar (müəllim, valideyn) müdaxiləsiz işlərə üstünlük veriləcək.

Müsabiqədə xarici ölkə vətəndaşları da iştirak edə bilər.

Seçim 3 yaş kateqoriyası üzrə aparılacaq və hər kateqoriyada ayrıca sərgi açılacaq: 11 yaşa qədər, 11-16 və 16-21 yaş.

Birinci turdan keçmiş müəlliflərin əsərləri sərgidə nümayiş olunmaq üçün Xətai Sənət Mərkəzinə dəvət olunacaq.

Münsiflərin seçimindən narazı qalanlar seçimlərin elan olunduğu vaxtdan 3 iş günü ərzində 2016@mail.ru e-mail ünvanına müraciət edə bilər və təyin olunmuş bir vaxtda münsif üzvünün nəzarəti ilə rəsm çəkməklə özünü təsdiq edə bilər.

Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar.