Mədəniyyət Nazirliyinin “Səhnədən səngərə” layihəsi Vətən müharibəsində şəhid olmuş mədəniyyət işçilərinin həyat hekayələrini təqdim edir. Layihənin dördüncü buraxılışı şəhid Zamin Rəhimov haqqındadır.

27 il öncə anasının qucağında doğma Cəbrayıldan didərgin düşən Zamin illər sonra şanlı Ordunun sıralarında ata evinə qayıdır. Bir neçə gün sonra isə ağır döyüşlərin birində şəhidlik zirvəsinə ucalır...

Videomaterialda çalışdığı kollektivin ən şən üzvü olmuş Zamin haqda iş yoldaşları böyük məhəbbətlə söz açıb, valideynləri həzin xatirələrini bölüşüblər.

Zamin Vahid oğlu Rəhimov 1988-ci il aprelin 21-də Cəbrayıl rayonunun Məzrə kəndində dünyaya göz açıb. 1993-cü ildə Cəbrayıl yağı əlinə keçəndə ailəsi doğma yurd-yuvasından didərgin düşür.

1995-ci ildə Biləsuvar rayonunda yerləşən 2 saylı məcburi köçkün qəsəbəsində 1-ci sinfə gedən Zamin daha sonra ailəsi ilə birlikdə Bakı şəhərinə köçərək orta təhsilini Abşeron rayonunun Masazır qəsəbəsində müvəqqəti yerləşən Ə.Veysəlov adına Cəbrayıl rayon Sirik kənd tam orta məktəbində davam etdirir. Orta məktəbi bitirəndən sonra 2006-cı ildə hərbi xidmətə gedir.

Kiçik yaşlarından musiqiyə həvəs göstərən Zamin hərbi xidmətdən qayıtdıqdan sonra Şuşa Musiqi Texnikumuna daxil olur. Qarmon ixtisası üzrə təhsil alır. 2012-ci ildə Bakı şəhərində müvəqqəti yerləşən Cəbrayıl rayon Mahmudlu kənd Uşaq musiqi məktəbində qarmon müəllimi kimi fəaliyyətə başlayır. Uşaqlarla qurduğu səmimi ünsiyyət sayəsində onların sevimli müəlliminə çevrilir.

2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda Zamin Rəhimov da cəbhəyə yollanır. Ən böyük arzusu bütün işğal altındakı torpaqlarımızın, o cümlədən doğma yurdu Cəbrayılın düşməndən azad olunması idi. Bu istəklə döyüşlərdə əzmlə vuruşur. Oktyabrın 4-də Cəbrayıl şəhəri işğaldan azad edilir. Oktyabrın 8-də isə Zamin Cəbrayıl rayonu ərazisində gedən döyüşlərdə şəhid olur...

Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olunan qəhrəman şəhidin ruhu şaddır. Vətən torpağı azaddır. Tək yadigarı olan üçyaşlı qızı atasının uğrunda canını fəda etdiyi doğma yurdunda böyüyəcək.

“Səhnədən səngərə" layihəsində şəhid Zamin Rəhimovun həyat hekayəsi bu linkdə: http://mct.gov.az/az/umumi-xeberler/13606