Elmi Bərpa Mərkəzinin onlayn regional seminarı

 

Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi iyunun 17-də dahi şair Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Nizami irsini yaşadaq” adlı onlayn regional seminar keçirib.

Seminarda Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun Nizami filialı, Gəncə şəhər Diyarşünaslıq evi, Tərtər Tarix-Diyarşünaslıq Muzeyi, Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları, həmçinin Elmi Bərpa Mərkəzinin əməkdaşları iştirak ediblər.

Əvvəlcə Nizami Gəncəvi haqqında təqdimat nümayiş etdirilib, mütəfəkkir şairin həyat və yaradıcılığı haqqında fikirlər söylənilib.

Təqdimatın ikinci hissəsində Nizami irsinin qorunması və gələcək nəsillərə çatdırılması  sahəsində görülən işlərdən bəhs olunub. Qeyd olunub ki, şairin yaradıcılığının yaşadılmasında və tanıdılmasında ona həsr olunan müxtəlif sənət əsərləri də mühüm rol oynayır.

Elmi Bərpa Mərkəzində bərpa olunan belə sənət əsərlərinin bərpadan əvvəlki, bərpa prosesindəki və bərpadan sonrakı fotoşəkilləri nümayiş etdirilib, aparılan bərpa prosesləri haqqında ətraflı məlumat verilib.

Şəhər-rayon muzeylərinin əməkdaşları Nizami və onun irsinin yaşadılması haqqında öz fikirlərini bölüşərək, əməkdaşı olduqları muzeylərdə dahi şairə həsr olunan eksponatları təqdim ediblər.

Seminarın sonunda “Cəmiyyətimizin mədəni və tarixi dəyərləri bizə əmanətdir və ən ümdə borcumuz bu əmanəti sonrakı nəsillərə ötürməkdir” fikri vurğulanıb.