2021-ci il iyunun 15-də imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki qardaş ölkənin əməkdaşlığının strateji önəmini ən yüksək səviyyədə təsbit edən, eyni zamanda gələcək addımlara zəmin yaradan tarixi sənəddir.

Şuşa Bəyannaməsi  9 fevral 1994-cü il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə”ni və “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol”u, eləcə də 16 avqust 2010-cu il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”ni rəhbər tutaraq, Azərbaycan-Türkiyə münasibətlərini ən yüksək – müttəfiqlik səviyyəsinə qaldırır.

Bəyannamədə digər mühüm məqamlarla bərabər tarixi-mədəni irs, ortaq mənəvi dəyərlər, ümumtürk həmrəyliyinin  təbliği, eləcə də media platformasında geniş əməkdaşlıq istiqamətləri əksini tapıb. Sənədə əsasən, tərəflər ölkələrinin təqdim edilməsi və milli mənafelərinin qorunmasına dair tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında diaspor fəaliyyətinin əlaqələndirilməsini və qarşılıqlı dəstəyi təşviq edəcəklər.

Bəyannamədə Ermənistanın Türkiyəyə qarşı əsassız iddialarının, tarixin təhrif olunması cəhdlərinin regionda sülhə və sabitliyə ziyan vurduğu vurğulanaraq bu kontekstdə 1915-ci il hadisələri ilə bağlı olaraq öz arxivlərini açan Türkiyənin Ermənistandakı və digər ölkələrdəki arxivlərin də açılması və bu mövzuda tarixçilər tərəfindən araşdırmaların aparılmasına yönəlmiş səyləri dəstəklənir.

Tərəflər 10 dekabr 2020-ci il tarixində imzalanmış media sahəsində strateji əməkdaşlıq haqqında anlaşma memorandumuna uyğun olaraq Azərbaycan-Türkiyə Media Platformasının imkanları nəzərə alınmaqla, iki ölkənin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya və ictimai diplomatiya sahələrində əməkdaşlığı daha da gücləndirəcəklər.

Hər iki xalqın müştərək dəyərlərinin ümdə təzahürlərinə lazımi ictimai dəstəyin göstərilməsi, tarixi və mədəni irslərinin qorunması üçün birgə fəaliyyətin həyata keçirilməsi, türk mədəni irsinin beynəlxalq səviyyədə təbliğ və təşviq edilməsi sahəsində birgə əməkdaşlıq da sənəddə əksini tapıb. Tərəflər türk həmrəyliyinin daha da möhkəmləndirilməsi məqsədilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKSOY və Türkdilli Ölkələrin Parlament Assambleyası çərçivəsində həyata keçirilən fəaliyyətlərə təkan verəcəklər.