Sərgidə XII-XIII əsrlərə aid 250 eksponat nümayiş olunur
İyunun 17-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti” adlı sərginin açılışı keçirildi.
Tədbiri muzeyin direktoru, akademik Nailə Vəlixanlı açaraq bildirdi ki, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə bu il Prezident İlham Əliyev tərəfindən ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilib: “Bu il həmçinin dövlətçiliyimizin inkişafında böyük rol oynamış Azərbaycan Atabəyləri dövlətinin yaranmasının 885 yaşı tamam olur. Sərginin məqsədi dahi Nizami Gəncəvi və onun yaşadığı dövlətin həyatını tarixi eksponatlar vasitəsilə nümayiş etdirməkdir”. Akademik onu da diqqətə çatdırdı ki, muzeydə qorunub saxlanılan qiymətli eksponatlar və nümayiş etdirilən qədim əlyazmalar, böyük ədiblərin əsərlərinə miniatürlər, xalq yaradıcılığı və tətbiqi sənət nümunələri, görkəmli şəxsiyyətlərlə bağlı nadir sənədlər və müxtəlif dövrlərə aid nümunələr ziyarətçilərdə tarix və mədəniyyətimizin bu günədək keçdiyi inkişaf yolu barədə ətraflı təsəvvür formalaşdırmağa imkan verir.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli xalqımızın tarixi yaddaşında silinməz iz qoyan, tükənməz araşdırma mənbəyi olan Nizami yaradıcılığının gələcək nəsillərə örnək olduğunu dedi. Diqqətə çatdırdı ki, Nizami poeziya məktəbinin Hindistanda Əmir Xosrov Dəhləvi, Tacikistanda Əbdürrəhman Cami, Özbəkistanda Əlişir Nəvai, Azərbaycanda Əssar Təbrizi, Marağalı Əvhədi, Arif Ərdəbili, Məhəmməd Füzuli kimi böyük nümayəndələri yetişib: “Dahi şairin tək “Leyli və Məcnun” poemasına 100-dən çox nəzirə yazılıb. Nizaminin təsiri ilə Şərq ədəbiyyatında “Xəmsə” yaratmaq ənənəsi yaranıb, bu həm də şairlər üçün böyük bir sınağa, şərəfli sənət imtahanına çevrilib. Nizami Gəncəvi bu gün də şeirin, sənətin zirvəsi, dəyişməz ölçüsü kimi qalmaqdadır”.
Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Bəxtiyar Əsgərov, AMEA-nın Gəncə Bölməsinin Gənc alimlər şurasının sədri Elnur Həsənov çıxışlarında Nizami Gəncəvi irsi və onun yaşadığı dövləti tarixi eksponatlar vasitəsilə nümayiş etdirmək baxımından sərginin əhəmiyyətli olduğunu bildirdilər.
Çıxışlardan sonra tədbir iştirakçıları sərgi ilə tanış oldular. Sərginin kuratoru, muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri Səbuhi Əhmədov təqdim olunan nümunələr barədə məlumat verdi. Bildirdi ki, muzeyin müxtəlif fondlarından ümumilikdə 250 eksponat sərgidə nümayiş olunur. Eksponatlar XII-XIII əsrlərin əvvəllərinə aid olub Azərbaycanın əsasən Gəncə, Beyləqan, Bərdə, Mingəçevir, Şabran, Naxçıvan şəhərlərində aşkar edilib. Onların bəzisi ilk dəfə olaraq ziyarətçilərə təqdim olunur. Eksponatlar arasında əski (ərəb qrafikalı) əlifba ilə hazırlanaraq 1909-cu ildə Gəncə şəhərində Mirzə Məhəmməd Axundov tərəfindən nəşr olunmuş “Şeyx Nizami. Tərcümeyi-halı” kitabçası qonaqların xüsusi marağına səbəb oldu.
Savalan FƏRƏCOV