Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nümayəndə heyəti Ukraynada səfərdədir. İyunun 15-də başlanan səfərin məqsədi mədəniyyət müəssisələri arasında əlaqələrin qurulması, təcrübə mübadiləsinin aparılması və birgə layihələrin həyata keçirilməsidir.

Baş idarənin rəisi Cəlil Məlikovun rəhbərlik etdiyi heyət səfərin ilk günü Kiyev şəhərindəki Tarix Muzeyində və T.Q.Şevçenko adına Mərkəzi Uşaq Kitabxanasında, “Darnitsa” Mədəniyyət evində və Səməd Vurğun adına Kütləvi Kitabxanada görüşlər keçirib.

İyunun 16-da nümayəndə heyəti Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyində olub. Heyət ölkəmizin Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova ilə birlikdə Heydər Əliyev adına parkda ulu öndərin abidəsini ziyarət edib. Abidə önünə tər çiçəklər düzülüb, xatirə şəkli çəkdirilib.

Səfirlikdə keçirilən görüşdə iki ölkə arasında mədəni əlaqələrin inkişafı, o cümlədən Bakı və Kiyev şəhərləri arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Daha sonra Kiyev şəhərində dünya şöhrətli müğənni Müslüm Maqomayev adına park ziyarət  edilib, sənətkarın abidəsi önünə tər çiçəklər qoyulub. 

İyunun 16-da həmçinin məşhur “Kiyev-Peçora Lavrası” Milli Qoruğuna və qoruq ərazisində fəaliyyət göstərən Ukrayna Xalq Dekorativ Sənəti Milli Muzeyinə baxış keçirilib. Muzeyin ekspozisiyası, fond işi, layihələri ilə yaxından tanışlıq olub, ortaq dəyərlər və fəaliyyətlər müzakirə edilib.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi nümayəndə heyətinin Ukraynaya səfəri iyunun 21-dək davam edəcək.