Xəbər verdiyimiz kimi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi nümayəndə heyəti Ukraynada səfərdədir. İyunun 17-də nümayəndə heyətinin bir sıra görüşləri olub.

Kiyev Şəhər Dövlət Administrasiyasının mədəniyyət və təhsil üzrə sədr müavini Valentin Mondrievski nümayəndə heyətini qəbul edib. Görüşdə iki ölkə arasında mədəni əlaqələrin, dostluq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub. Valentin Mondriyevski qeyd edib ki, 1997-ci ildə Kiyev və Bakı şəhərlərinin qardaşlaşması haqqında sənəd imzalanıb. Razılaşmaya əsasən, şəhərlərin mənzil-kommunal təsərrüfatları, şəhərsalma və təhsilin inkişafı sahəsində bir çox təşəbbüslər gerçəkləşib. “Bugünkü görüş isə qardaşlaşmış şəhərlərin mədəniyyət və incəsənət sahəsində əməkdaşlıq potensialının öyrənilməsinə və yeni istiqamətlərin müəyyənləşməsinə zəmin yaradıb”, – deyə V.Mondriyevski vurğulayıb.

Baş idarənin rəisi Cəlil Məlikov öz növbəsində Azərbaycanla Ukrayna arasında dostluq və qardaşlıq münasibətlərinin 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı informasiya mübarizəsində özünü bir daha göstərdiyini qeyd edib və dəstəyə görə ukraynalılara minnətdarlığını bildirib. Kiyevin mədəniyyət müəssisələri ilə tanışlıq imkanı yaratdıqlarına görə təşəkkür edən C.Məlikov bu görüşlərin təcrübə mübadiləsi və gələcək əməkdaşlıq baxımından qarşılıqlı faydalı olduğunu söyləyib.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nümayəndə heyəti Kiyev Şəhər Sovetinin deputatları – Nəqliyyat, rabitə və reklam məsələləri üzrə daimi komissiyanın katibi Oles Malyareviç, Mədəniyyət, turizm və ictimai əlaqələr məsələləri üzrə daimi komissiyanın rəhbəri Viktoriya Muxa və Büdcə və sosial-iqtisadi inkişaf məsələləri üzrə daimi komissiyası sədrinin birinci müavini Alla Şlapakla görüşüb. Görüşdə əməkdaşlığın və yeni layihələr reallaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Daha sonra nümayəndə heyəti R.M.Qliyer adına Kiyev Bələdiyyə Musiqi Akademiyasını, Kiyev Bələdiyyə Estrada və Sirk Sənəti Akademiyasını, M.İ.Verikovski adına 2 nömrəli Kiyev uşaq incəsənət məktəbini ziyarət edib.

Musiqi Akademiyanın rektoru Aleksandr Zlotnik ali təhsil ocağının tarixi, fakültələri, tədris strukturu, ansambl və orkestrləri barədə məlumat verib. Görüş zamanı Cəlil Məlikov baş idarənin tabeliyində olan musiqi və incəsənət məktəblərinin fəaliyyətindən danışıb. Qarşılıqlı anlaşma şəraitində keçən müzakirələrdə iki qurum arasında birgə fəaliyyət istiqamətləri araşdırılıb və perspektivlər müəyyənləşdirilib.

Şərqi Avropada bu sahədə yeganə ali təhsil müəssisəsi olan Kiyev Bələdiyyə Estrada və Sirk Sənəti Akademiyasında görüş zamanı rektor Aleksandr Yakovlev qonaqlara akademiya haqqında, onun beynəlxalq aləmdə tanınmış təhsil ocağı kimi fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Baş idarənin rəisi Cəlil Məlikov maraqlı məlumata görə təşəkkürünü bildirib, Azərbaycanda estrada sirk sənətinə marağın böyük olduğunu və bu sahədə peşəkar kadrların hazırlanması istiqamətində əməkdaşlığın zəruriliyini vurğulayıb.

M.İ.Verikovski adına 2 nömrəli Kiyev uşaq incəsənət məktəbində olan nümayəndə heyəti təlim-tərbiyə və pedaqoji kadrlarla iş sahəsində təcrübə, şagirdlərin istedadlarının aşkarlanması, onların özünüinkişafına yönəlmiş fəaliyyətlər müzakirə olunub və birgə əməkdaşlığın istiqamətləri müəyyən edilib.

Bununla da Bakı Şəhər Mədəniyyət Baş İdarəsi nümayəndə heyətinin Kiyev şəhərinə səfəri başa çatıb. İyunun 18-dən etibarən heyətin Ukraynanın mədəni həyatında öz yeri Odessa şəhərinə səfəri başlanıb. Nümayəndə heyətinin Ukrayna səfəri iyunun 21-də sona çatacaq.