Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki Abdulla Şaiqin Mənzil-Muzeyi əməkdaşlıq etdiyi Rusiyanın “Tarxanı” Dövlət Lermontov Muzey-Qoruğu (Penza vilayəti) ilə birgə videokonfrans keçirib. İyunun 18-də gerçəkləşən videokonfrans “Muzeylərdə uşaq proqramları” mövzusuna həsr olunub.

“Tarxanı” muzeyinin əməkdaşı Qalina Davıdkina görkəmli rus şairi Mixail Lermontovun (1814-1841) yaşadığı dövrün ənənələri, toy mərasimləri, o dövrün məktublaşma qaydaları, uşaqlarla rəssamlıq məşğələlərinin keçirilməsindən danışıb. Muzeyin elmi işçisi Valentina Aykaşeva və bələdçi Natalya İlyuşina keçirilən digər kütləvi tədbirlər və uşaq proqramları haqqında məlumat veriblər.

Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru Ülkər Talıbzadə də öz növbəsində mövzu çərçivəsində muzeyin uşaqlarla aparılan maarifləndirici proqramlarından bəhs edib. Bildirib ki, muzey Abdulla Şaiqin uşaq əsərləri əsasında hazırlanan kukla tamaşaları göstərir, rəssamlıq üzrə ustad dərsləri həyata keçirir.

Hər iki muzeyin əməkdaşları videokonfransın əhəmiyyətini qeyd edərək, təcrübə mübadiləsinə görə məmnunluqlarını bildiriblər. Sonda gələcək virtual işçi görüşlərin mövzuları müzakirə edilib.