F.Köçərli adına Respublika Uşaq Kitabxanasının “İnstagram” səhifəsi üzərindən həyata keçirdiyi “Qonağım ol” rubrikasında onlayn görüşlər davam edir. Layihənin növbəti qonağı Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Respublika Xatirə Kitabı” redaksiyasının baş redaktoru, “Yada düşdü” jurnalının təsisçisi Nəzakət Məmmədova olub.

Onlayn görüş zamanı şairə-publisist Nəzakət Məmmədova hərb və vətənpərvərlik mövzusunda əsərləri, kitabları və ümumilikdə fəaliyyəti haqqında məlumat verib. O,canlı yayıma qoşulan oxucular üçün müəllifi olduğu “Ağlama, şəhid qızı”, “Vətən, bizi bağışlama” və Azərbaycanın böyük zəfəri ilə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra qələmə aldığı “Zəfərin mübarək, komandir oğlum!” adlı şeirlərini oxuyub.

Nəzakət Məmmədovanın qələmə aldığı əsərlərinin əksəriyyətində vətən qayəsi əsasdır. Yeddi kitabı işıq üzü görüb. “Yurd dediyim bu torpaq”, “Ömrün qatarı” kitabları vətənpərvərlik mövzusunda yazılmış şeirlərdən ibarətdir. Şeirləri türk və ingilis dillərinə də tərcümə olunub.