Azərbaycanın dahi şairinin anadan olmasının 880-ci ildönümü münasibətilə elan olunan “Nizami Gəncəvi İli” çərçivəsində silsilə tədbirlərə Rusiya Federasiyası Xaricdə Yaşayan Həmvətənlərlə İş və Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyi –
“Rossotrudniçestvo”nun ölkəmizdəki nümayəndəliyi də qoşulub.
Bu ilin yanvar-may aylarında “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi, Azərbaycanın Rus İcması və Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyası "Puşkin və Nizami planetar əhəmiyyətli böyük yaradıcılardır" mövzusunda “Puşkiniana” layihəsini həyata keçiriblər.
Layihə üzrə təşkil olunan bilik olimpiadasında Azərbaycan Respublikasının rus dilində tədris aparılan məktəblərinin şagirdləri iştirak ediblər. Layihə Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin dəstəyi ilə reallaşıb.
İyunun 18-də Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) "Puşkiniana"ya yekun vurulub.
“Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri İrek Zinnurov görkəmli qələm ustası A.S.Puşkinin irsinin qorunması və təbliğində layihənin əhəmiyyətindən danışıb. O, qalibləri və onların müəllimlərini parlaq nəticə münasibətilə təbrik edib, pandemiya məhdudiyyətlərinə baxmayaraq, ən yüksək səviyyədə keçirilən "Puşkiniana"nın təşkilinə yardım edən hər kəsə minnətdarlığını bildirib.
Sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblərə diplom və hədiyyələr təqdim olunub.
Tədbir bədii proqramla davam edib.