C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası görkəmli bəstəkar, pedaqoq, xormeyster, Xalq artisti Cahangir Cahangirovun 100 illik yubileyi münasibətilə silsilə materiallar hazırlayıb.

“Əbədiyaşar sənətkar” adlı virtual sərgidə bəstəkarın həyat və yaradıcılığı, tələbəlik illəri, bəstəkarlıq sahəsində atdığı ilk addımlar haqqında geniş məlumat verilib, bu sahədə ona müəllimlik etmiş dahi Üzeyir Hacıbəylinin xidməti vurğulanıb. Sərgidə Cahangir Cahangirovun əsərləri haqqında söz açılıb, musiqi bəstələdiyi filmlərin, tamaşaların siyahısı təqdim olunub. Bundan əlavə, sərgidə Cahangir Cahangirovun, adını Azərbaycan musiqi mədəniyyətinə qızıl hərflərlə yazmış Niyazi, Qara Qarayev, Lütfiyar İmanov, Tofiq Quliyevlə fotoşəkilləri də yer alıb. Sənətkarın 30-dan çox not nüsxəsinin biblioqrafik təsviri də verilib.

Gənclər Kitabxanası bəstəkarın yaradıcılığına həsr edilmiş “Cahangir Cahangirov - 100” adlı videoçarx da hazırlayıb. Videoçarxda bəstəkarın yaradıcılığı haqqında maraqlı faktlar təqdim olunur. Burada Cahangir Cahangirovun bəstələdiyi, Şövkət Ələkbərova, Rəşid Behbudov, Tükəzban İsmayılova, Yalçın Rzazadə kimi görkəmli müğənnilərin ifa etdiyi mahnılardan parçaları da dinləmək mümkündür. Materialda bəstəkarın müxtəlif illərdə çəkilən videoları da yer alıb.

Sözügedən materialları aşağıdakı liklər vasitəsilə izləmək mümkündür:

https://www.instagram.com/tv/CQSKil5hEiA/https://www.youtube.com/watch?v=b7CC0gQOkm0