Antalyada 50-dən çox ölkənin diplomatları bir araya gəlmişdi

 

Türkiyə Prezident Administrasiyasının himayəsi ilə Xarici İşlər Nazirliyinin (XİN) təşkil etdiyi Antalya Diplomatiya Forumu (ADF) iyunun 20-də başa çatdı.

Antalya şəhərində üç gün davam edən “Yenilikçi diplomatiya: Yeni dövr, yeni yanaşmalar” mövzusunda Foruma 10 ölkənin dövlət və hökumət başçıları, 43 ölkənin xarici işlər nazirləri, 50-dək beynəlxalq qurumun təmsilçiləri, diplomatlar, parlamentarilər,  elm və iş adamları, media nümayəndələri – ümumilikdə 2 minə yaxın qonaq qatılmışdı.

ADF-də Azərbaycandan Prezidentin köməkçisi – Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, xarici işlər naziri Ceyhun Bayramov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, millət vəkili Tural Gəncəliyev iştirak edirdi.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ADF çərçivəsində keçirilən “Virtual dünyada məlumat çirkliliyi və saxta xəbərlər” mövzusunda paneldə, xarici işlər naziri Ceyhun Bayramov isə “Cənubi Qafqaz: regional sülh və stabillik üçün yeni fürsətlər” mövzusunda paneldə çıxış etdilər.

Panel müzakirələrində 44 günlük Vətən müharibəsində ərazi bütövlüyünü bərpa edən Azərbaycanın təklif etdiyi yeni inkişaf strategiyası, region dövlətləri ilə qarşılıqlı etimada əsaslanan münasibətlərin qurulması, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə düzgün çatdırılması, informasiya təhlükəsizliyi kimi məsələlərə dair ölkəmizin mövqeyi iştirakçıların diqqətinə çatdırıldı.

Hikmət Hacıyev çıxışında ölkəmizin müxtəlif vaxtlarda müəyyən dairələr tərəfindən məqsədli şəkildə yayılan “fake news” hücumlarına məruz qaldığını, bəzi xarici media vasitələrinin həqiqətə uyğun olmayan həmin informasiyalara istinad edərək Azərbaycan haqqında yanlış rəy formalaşdırmağa çalışdığını bildirdi. Təəssüflə qeyd olundu ki, hətta bəzi hallarda Azərbaycan haqqında həqiqi məlumat yayan şəxslərin sosial media hesablarının bağlanması halları da müşahidə olunub.

Azərbaycan nümayəndələrinin keçirdiyi görüşlərdə müxtəlif ölkələrlə mədəni əməkdaşlıq məsələləri də gündəmə gətirilib. Xarici işlər naziri Ceyhun Bayramov iyunun 19-da Beynəlxalq Türk Akademiyasının (BTA) prezidenti Darxan Kıdırəli ilə görüşüb. BTA prezidenti Qarabağ və Nizami Gəncəvinin 880 illiyi ilə bağlı nəşr etdikləri kitablar barədə söz açıb, “Qafqazlarda türklüyün izi” layihəsi çərçivəsində çap edilən kitab-atlasın nüsxəsini nazir Ceyhun Bayramova təqdim edib. Beynəlxalq Türk Akademiyasının fəaliyyətini yüksək qiymətləndirən Ceyhun Bayramov öz növbəsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərdəki vəziyyət, genişmiqyaslı dağıntılar barədə həmsöhbətinə məlumat verib.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyevlə keçirilən görüşdə isə Azərbaycan və Türkiyə prezidentləri tərəfindən iyunun 15-də  imzalanmış Şuşa Bəyannaməsi yüksək qiymətləndirilib. B.Amreyev Şuşa Bəyannaməsinin bölgədə sülhün, təhlükəsizliyin təmin olunmasına, əməkdaşlığın genişləndirilməsinə xidmət edəcəyinə əminliyini vurğulayıb.

İyunun 20-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ADF-nin yekununa həsr edilmiş mətbuat konfransı keçirdi. Beynəlxalq müzakirə platforması olaraq Forumun təqdim etdiyi yeniliklərə toxunan Türkiyə XİN rəhbəri jurnalistləri maraqlandıran sualları cavablandırdı, media nümayəndələri ilə kollektiv şəkil çəkdirdi. 

Mehparə SULTANOVA
Ankara