Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın fəaliyyətinin təmin edilməsi ilə əlaqədar yaradılmış Seçki komissiyasının iclası keçirilib. Komissiya tərəfindən müsabiqə zamanı təqdim olunan sənədlər qiymətləndirilib və siyahıda adları göstərilən namizədlərin müraciətləri müəyyən edilmiş qaydalara uyğun olaraq qeydə alınıb.

Nazirlik yanında İctimai Şuraya seçkilərin 13 iyul 2021-ci il tarixində Beynəlxalq Muğam Mərkəzində səhər saat 11:00-dan 16:00-dək keçirilməsi qərara alınıb. İctimai Şura üzvlərinin sayı 9 nəfər müəyyən edilib.

İctimai Şuraya səsvermə prosesində iştirak etmək istəyən vətəndaş cəmiyyəti institutları təmsilçilərinin qeydiyyatı seçkiyə 10 gün qalanadək (02.07.2021, saat 18:00-dək)  davam edəcək. 

Xatırladaq ki, Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya namizədlərlə bağlı sənəd qəbulu prosesinin birinci mərhələsi 2020-ci ilin 21 sentyabr – 20 oktyabr tarixlərində keçirilib. Eyni zamanda 27 sentyabrdan 10 noyabradək davam edən Vətən müharibəsi müddətində yaranmış vəziyyətə görə şuraya üzv olmaq istəyən və məlum səbəblərdən namizədliyini təqdim edə bilməyənlər üçün də müvafiq şəraitin yaradılması zərurəti yaranıb. Bu məqsədlə nazirlik tərəfindən cari ilin 22 aprel-26 may tarixlərində yenidən sənəd qəbulu elan olunub. Qeyd edək ki, əvvəlki mərhələdə müsabiqəyə təqdim olunan və qeydiyyata alınan müraciətlər qüvvədə qalıb.

Namizədlərin siyahısı və seçicilərə dair tələblərlə Mədəniyyət Nazirliyinin saytında tanış olmaq olar.