Aşıqlar Birliyi söz ustadının yubileyi münasibətilə iki diskdən ibarət albom hazırlayıb
Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, böyük söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi haqqında ölkə başçısının 18 fevral 2021-ci il tarixli sərəncamının icrası ilə bağlı Mədəniyyət Nazirliyi, AMEA, Təhsil Nazirliyi və Azərbaycan Aşıqlar Birliyi (AAB) tərəfindən müvafiq tədbirlər planı hazırlanıb.
Aşıqlar Birliyi yubiley tədbirlərinə hələ ötən il başlayıb. AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının rəhbərliyi altında ötən ilin sonlarında Aşıq Ələsgərin lirik şeirlərindən ibarət kitab buraxılıb. Topluda ilk dəfə olaraq hər şeirin hansı aşıq havası üstə oxuna bilməsi və şeirlərdə işlədilmiş arxaizmlərin və ərəb-fars mənşəli sözlərin lüğəti də verilib.
Mövcud pandemiya şəraiti ilə əlaqədar kütləvi tədbirlər hələlik mümkün olmasa da, Aşıqlar Birliyinin təşkilatçılığı ilə böyük ustadın yubileyinə həsr olunmuş onlayn tədbirlər keçirilib.
Bu günlərdə isə AAB daha bir layihəni uğurla başa çatdırıb – Aşıq Ələsgərin sözlərini oxumuş aşıqların ifası və ustadla bağlı dastan-rəvayətlərdən ibarət “Adım Ələsgərdi, Göyçə mahalım” adlı albom işıq üzü görüb. Bu barədə AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu məlumat verib.
İki diskdən ibarət olan albomun birinci diskində ustadın şeirləri Dədə Şəmşir, İmran Həsənov, Əkbər Cəfərov, Ədalət Nəsibov, Kərəm İncəli, Aslan Kosalı, Əmrah Gülməmmədov, Hüseyn Cavan, Bəylər Qədirov, Niftalı Süleymanov, Oruc Əhmədov, İsfəndiyar Rüstəmov, Məmmədağa Babayev kimi ustadlarla yanaşı, bu gün sənət meydanında ifaları ilə tanınan Ulduz Quliyeva, Fətullah Göyçəli, Gülarə Azaflı, Solmaz Kosayeva, Samirə Əliyeva, Ağamurad İsrafilov, Altay Məmmədli, Sədaqət Ulduz, Qələndər Zeynalov, Kəmalə Qubadlı, Şaiq İncəli, Ramin Qarayev, Yaşar Məhərrəmov, İsa Qaraxanlı, Vüqar Şəmkirli, Şahniyar Əliyev, Avdı Musayev və Təbriz Vəliyev, türkiyəli aşıq Maqsud Fəryadi, Cənubi Azərbaycandan Cəfər Xakipur, eləcə də Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” folklor qrupunun ifasında təqdim olunur.
İkinci diskdə isə ustad aşıq Hüseyn Saraçlının ifasında “Aşıq Ələsgərin Gəncə səfəri”, Fətullah Göyçəli və Rəfiqə Göyçəlinin ifasında “Aşıq Ələsgərlə Həcər xanım” əhvalatı, Elbrus Hüseynov və Şöhrət Kərimovun ifasında (balabanda müşayiət – İbadət Allahverdiyev) isə “Aşıq Ələsgərin Söyüdlü səfəri” dastan-rəvayətləri videoformatda təqdim edilir.