Bakı Dövlət Sirki yaxın vaxtlarda tamaşaçılara “Dəmir yumruq” adlı kompozisiya təqdim etməyi planlaşdırır. Layihə sirkin yaradıcı heyəti tam formalaşandan sonra həyata keçiriləcək. Bu barədə Bakı Dövlət Sirkinin direktoru Elmir Hüseynov məlumat verib.

Elmir Hüseynov layihə barədə bir sıra məqamları qeyd edib: “Kompozisiyada əlində şəmşir, məşəl tutan cəngavərlər (aktyorlar), Vətənin keşiyində daim ayıq-sayıq duran və zirehli dəbilqələrində daha əzəmətli görünən döyüşçülərimiz düşmən üzərinə hücuma keçərək zəfər çaldıqları anları tamaşaçıların gözü qarşısında nümayiş etdirəcəklər. Mübarizlik coşqusu ilə çağlayan səhnələr akrobatik rəqslər, rəngarəng şou proqramları ilə müşayiət olunacaq. Gələcəkdə bu ideyanı bir az da genişləndirib kompozisiyaya teatral quruluş verməyə çalışacağıq. Ümid edirik ki, bizim həyəcanla izlədiyimiz 44 günlük Vətən müharibəsi uşaqlarımızın döyüşkən ruhda böyüməsinə öz təsirini göstərəcək”.

Direktor daha sonra deyib: “Bakı Dövlət Sirki də Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük müharibədə Azərbaycan Ordusunun qazandığı böyük Qələbədən ruhlanaraq yaradıcılıq layihələri ilə mədəniyyətimizə öz töhfəsini verməyə çalışır. Doğma Azərbaycanı qorumaq ata-babalarımızdan qalan əmanət kimi göz bəbəyi kimi qorumaq hər zaman müqəddəs amalımız olmuşdur. Ana Vətənimizin günü-gündən çiçəklənməsi naminə çalışmaq, mübariz olmaq da hər birimizin vətəndaşlıq borcudur”.

Bu günlərdə Bakı Dövlət Sirkinin 75 illiyinə həsr olunmuş yubiley proqramının diskinin işıq üzü gördüyünü söyləyən Elmir Hüseynov sirkin yeni saytının (circus.az) istifadəyə verildiyini də diqqətə çatdırıb.