Hər il ənənəvi olaraq may ayının ikinci həftəsi Türkiyədə “Vəqf həftəsi” kimi qeyd olunur, bununla əlaqədar çeşidli tədbirlər düzənlənir. Bu il “Vəqf həftəsi” iyun ayına təsadüf edib.

Vəqflər Baş Müdirliyi tərəfindən düzənlənən “Vəqf həftəsi”nin yekun tədbiri və “2021 Vəqf  İnsan Ödülləri”nin təqdimatı Beştəpə Millət Konqres və Mədəniyyət Mərkəzində keçirilib. Tədbirdə Türkiyə Prezidentinin xanımı Əminə Ərdoğan çıxış edib.

Vəqf həftəsinin Türkiyə Mədəniyyət və Turizm Nazirliyi və Vəqflər Baş Müdirliyi tərəfindən möhtəşəm bir mövzuya (“Mərhəmətin quş dili”) həsr olunduğunu deyən Əminə Ərdoğan mükafatların “bütün yaxşılıq ustaları”na verildiyini qeyd edib. Bildirib ki, mükafata layiq olan hər bir insan qeyri-adi işlərlə məşğul olur. Onlar yetimlərə, xəstələrə, tələbələrə və sıxıntı içində olanlara qayğı göstərir: “Bunu unutmamalıyıq ki, torpaq aşındığı kimi, dəyərlərimiz də zamanla aşınır. Bu gün xərclərin yalnız zənginlər üçün olduğunu düşünürük. Halbuki vəqf anlayışına görə, paylaşmanın, bölüşmənin biri min edən bərəkəti var. Əldə etdiyimiz bütün dəyərləri itirmədən gələcək nəsillərə ötürməyə çalışarkən vəqf mədəniyyətini birinci yerə qoyaq. Çünki dünya xilas olacaqsa, mərhəmət sayəsində xilas olacaq”.

Vəqflər baş müdiri Bürhan Ersoy və mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyun da iştirak etdiyi tədbirdə Əminə Ərdoğan xeyirsevərlərə “2021 Vəqf İnsan Ödülləri”ni təqdim etdi. Qeyd edək ki, Bursa Osmanqazi Bələdiyyəsinin başqanı  Mustafa Dündar, Ahbap Dərnəyinin qurucusu, sənətçi Haluk Levent ehtiyacı olanlara yardımlara görə, iş adamı Ünal Nafiz isə qurduğu “aş evi” ilə 12 ildir küçə heyvanlarını bəslədiyinə görə mükafata layiq görülüb.

Mustafa Dündar “Vəqf İnsan Ödülü”nü  bütün Bursa adına aldığını söyləyib: “Dünyada insan haqlarından bəhs edilmədiyi bir dönəmdə heyvanlara, leyləklərə xidmət edən əcdadımızın bu anlayışını günümüzə daşıyıb, gələcəyə ötürürük. Vəqflər Baş Müdirliyi bu ödülü mənim şəxsimdə Bursaya verdi”.

Mehparə SULTANOVA
Ankara