İyunun 24-də Özbəkistanın Kokand şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) Turizm Nazirlərinin 6-cı iclası və turizm üzrə işçi qrupunun 15-ci iclası keçirilib.

İclasda Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Azərbaycan və Türkiyənin turizm  sahəsi üzrə rəhbər şəxsləri, həmçinin Türk Şurasının Baş katibi Bağdad Amreyev və təşkilatda müşahidəçi statusa malik Macarıstanın Özbəkistandakı səfiri çıxış ediblər.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev türkdilli dövlətlərin ortaq tarix, dil, mədəniyyətə malik olmasının turizm sahəsində əməkdaşlığa zəmin yaratdığını söyləyib. O, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində quruculuq işlərinə başlanıldığını qeyd edərək bu ərazilərin böyük turizm potensialı olduğunu vurğulayıb. Bildirib ki, tezliklə Qarabağ yeni regional turizm destinasiyası kimi dünyaya təqdim olunacaq.

İclas iştirakçıları Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbriklərini ifadə edərək Qarabağın regional turizm destinasiyası kimi inkişaf etdirməsində ölkəmizə uğurlar arzulayıblar.

İclasda Türk Şurasının turizm nazirlərinin növbəti, 7-ci görüşünün Azərbaycanda keçirilməsi barədə qərar qəbul olunub.

Qeyd edək ki, 2015-ci ildə Türk Şurası Turizm Nazirlərinin 2-ci iclası ölkəmizdə keçirilib.